Şalva Papuaşvili: “Gürcüstanın yolu yalnız milli maraqların qorunmasıdır” - SƏS
“Gürcüstanın yolu yalnız milli maraqların qorunmasıdır.”
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkənin xarici siyasət kursu ilə bağlı açıqlama verərkən bildirib.
Papuaşvili bildirib ki, Gürcüstanın qarşısında seçim məsələsi yoxdur və əsas prioritet milli maraqların qorunmasıdır.
Onun sözlərinə görə, müasir dünyada dövlət maraqlarını qorumaq həm dost, həm də rəqib hesab olunan tərəflərlə münasibətlərdə zəruridir.
“Bizim seçimimiz ölkəmizin quruculuğu və xalqın maraqlarının qorunmasıdır. Bu maraqları həm Rusiya, həm də Avropa ilə münasibətlərdə qorumağa məcburuq. Heç kimə kor-koranə etibar etmək olmaz”, – deyə Papuaşvili qeyd edib.
Parlament sədri əlavə edib ki, “pro-Avropa”, “pro-Rusiya” kimi yanaşmalar süni şəkildə yaradılıb və cəmiyyəti əsas istiqamətdən yayındırmağa xidmət edir.
Onun sözlərinə görə, Avropaya kor-koranə güvənən ölkələr bu gün müharibə şəraitindədir və Ukraynada baş verənlər bunun nümunəsidir.
Papuaşvili həmçinin bildirib ki, Avropa liderləri daha məsuliyyətli davransaydılar, Ukraynada müharibənin qarşısını almaq və ya onu daha erkən mərhələdə dayandırmaq mümkün olardı.
O vurğulayıb ki, gürcü xalqının suverenliyinə müdaxilə səbəbindən Avropa tərəfinə olan etimad zəifləyib və bu etimadın bərpası məhz onların üzərinə düşür.
“Bizim məqsədimiz hansısa tərəfi dəstəkləmək deyil, öz maraqlarımızı həyata keçirməkdir”, – deyə Papuaşvili qeyd edib.


