Şalva Papuaşvili: “Lelo” ilə danışacaq sözümüz yoxdur
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Lelo – Güclü Gürcüstan” partiyasının hakimiyyətlə siyasi dialoqa hazır olması ilə bağlı bəyanatına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Papuaşvili “Lelo” ilə hakimiyyət arasında danışacaq mövzunun olmadığını deyib və partiyanın Konstitusiya Məhkəməsi, bəzi üzvlərinin isə Cinayət Məhkəməsi ilə danışmalı olduğunu bildirib.
Papuaşvilinin sözlərinə görə, problem siyasi dialoqun olmaması deyil, əksinə, Konstitusiyanı pozmuş və cinayət törətmiş şəxslərin siyasi dialoq tələb etməsidir.
Parlament sədri əlavə edib ki, Gürcüstan hakimiyyəti radikal qruplarla “insan alveri” adlandırdığı siyasətə qoşulmaq niyyətində deyil. Onun sözlərinə görə, həmin qruplar özləri ofislərdə oturduqları halda insanları həbsə göndərirlər.
Papuaşvili həmçinin qeyd edib ki, hakimiyyət “demokratiya ilə ticarət etmək” niyyətində də deyil.
“Radikal qrupların problemi Gürcüstan hakimiyyəti ilə deyil, Gürcüstan Konstitusiyası ilədir. Ona görə də danışmaq istəyirlərsə, Konstitusiya və cinayət hüququ məsələləri barədə danışmalıdırlar, çünki bu qanunları dəfələrlə pozublar. ‘Lelo’ya gəlincə, onların bizimlə və bizim də onlarla danışacaq sözümüz yoxdur – qoy Konstitusiya Məhkəməsi ilə danışsınlar, bəzi üzvləri isə Cinayət Məhkəməsi ilə”, – deyə Papuaşvili bildirib.
O əlavə edib ki, siyasi partiyalar 2024-cü il seçkilərində Gürcüstan xalqının iradəsini tanımamaqla özlərinə siyasi hökm çıxarıblar və xarici qüvvələrin təsiri altında öz ölkələrinə qarşı istifadə olunan alətə çevriliblər.
Papuaşvili iddia edib ki, 2012-ci ildən bəri radikal müxalifət eyni üsuldan istifadə edir – insanları qanun pozmağa təşviq edir, onları həbs riski ilə üz-üzə qoyur və daha sonra bu insanların taleyi üzərindən siyasi ticarət aparır.
Qeyd edək ki, “Lelo – Güclü Gürcüstan” partiyası daha əvvəl bəyan etmişdi ki, ölkədə siyasi qarşıdurmanın aradan qaldırılması və siyasi böhranın həlli üçün “Gürcü Arzusu” ilə müxalifət arasında məsuliyyətli siyasi danışıqlar başlamalıdır.
Partiyanın baş katibi İrakli Kupradze bildirib ki, mövcud siyasi böhranın sülh yolu ilə həlli yeni, azad və ədalətli parlament seçkilərinin keçirilməsi ilə bağlı razılığa gəlməkdən keçir. Onun sözlərinə görə, bununla yanaşı ölkədə siyasi gərginliyin azaldılması üçün siyasi məhbusların azad edilməsi də vacibdir.


