12 
Mar
2026
18:00
306

Gürcüstanda plastik butulkalarda içkilərin istehsalı və satışı mərhələli şəkildə qadağan ediləcək

Gürcüstan hökumətinin bugünkü iclasında “Qida ilə təmas üçün nəzərdə tutulan plastik məhsulların istehsalının, idxalının və bazara çıxarılmasının qadağan edilməsi haqqında” qərar qəbul olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

Qərara əsasən, plastik butulkalarda içkilərin istehsalı (ixrac məqsədilə istehsal istisna olmaqla), idxalı və bazara çıxarılması mərhələli şəkildə qadağan ediləcək.

Məlumata görə, 2026-cı il 1 iyul tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə plastik butulkalarda içkilərin təqdim edilməsi qadağan olunacaq. 2027-ci il 1 fevral tarixindən isə plastik butulkalarda içkilərin istehsalı (ixrac məqsədilə istehsal istisna olmaqla), idxalı və bazara çıxarılması tam qadağan ediləcək.

Qərarda müəyyən istisnalar da nəzərdə tutulub. Belə ki, qadağa 3 litr və daha çox həcmli içməli suya, eləcə də 20 litr və daha çox həcmli içkilərə (alkoqollu, alkoqolsuz, sərinləşdirici və digər içkilər) şamil edilməyəcək.

Eyni zamanda istisna Gürcüstan Daxili İşlər Nazirliyinin, Müdafiə Qüvvələrinin və hərbi qulluqçuların ehtiyacları üçün içməli suyun istehsalı və təminatına da aid olacaq.

Qeyd olunur ki, bu qərarın qəbul edilməsinə əsas səbəb plastik məhsulların ətraf mühitə və təbii ekosistemlərə ciddi mənfi təsir göstərməsidir. Plastik materialların parçalanması yüzillərlə davam edir və nəticədə onlar torpaqda, su hövzələrində və dənizlərdə toplanaraq sanitariya sistemlərinə zərər vurur, torpağın münbitliyini azaldır və bioloji müxtəlifliyin azalmasına səbəb olur.

Araşdırmaların nəticələrinə görə, Gürcüstanda çaylarda aşkar olunan tullantıların təxminən 88 faizi plastikdən ibarətdir. Bu tullantıların böyük hissəsini isə birdəfəlik istifadə olunan plastik məhsullar təşkil edir və onların arasında plastik butulkaların payı təxminən 41 faizdir.

Bizimlə əlaqə saxlayın