Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni qəbul etdi
Avropa Parlamenti “Elenə Xoştariyanın işi və “Gürcü Arzusu” rejimi altında siyasi məhbuslar” adlı qətnaməni 438 lehinə, 37 əleyhinə səslə qəbul edib.
InterPress.ge xəbər verir ki, qətnamədə Avropa Parlamenti Elenə Xoştariyanın və söz və toplaşma azadlığını, eləcə də dinc etiraz hüququnu həyata keçirdiklərinə görə hədəf alınan digər şəxslərin siyasi motivli saxlanılmasını kəskin şəkildə pisləyir. Sənəddə həmçinin “Gürcü Arzusu” hakimiyyətinin siyasi opponentlərə, jurnalistlərə və fəallara qarşı sistemli cinayət təqibləri qınanılır.
Qətnamədə qeyd olunur ki, Avropa Parlamenti yayılan məlumatlara əsasən Xoştariyanın saxlanılması zamanı ona qarşı qeyri-insani və alçaldıcı rəftarın tətbiqini pisləyir və onun, eləcə də siyasi motivlərlə saxlanılan digər şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir. Sənəddə həmçinin bu şəxslərə qarşı irəli sürülən siyasi motivli ittihamların dərhal ləğv edilməsi tələb olunur.
Avropa Parlamenti Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin davam edən həbsinə və sağlamlıq vəziyyətinin pisləşməsinə görə də ciddi narahatlıq ifadə edir və qeyd edir ki, o, dörd ildən artıqdır faktiki olaraq oliqarx Bidzina İvanişvilinin siyasi girovudur.
Qətnamədə saxlanılan şəxslərə qarşı qeyri-münasib rəftar və milli qanunvericiliyin sui-istifadəsi ilə bağlı iddiaların müstəqil və şəffaf şəkildə araşdırılması tələb olunur.
Sənəddə həmçinin etirazçılara qarşı kimyəvi vasitələrin istifadəsi ilə bağlı yayılan məlumatların müstəqil və şəffaf şəkildə araşdırılmasına çağırış edilir. Avropa Parlamenti Gürcüstanda Rusiyanın, Çinin və İranın siyasi, iqtisadi və təhlükəsizlik sahələrində artan təsirindən narahatlığını ifadə edir. Eyni zamanda, bu barədə aparılan araşdırmaların müəlliflərinə qarşı başlanmış istintaqlardan, o cümlədən Hudson İnstitutunun araşdırmasının müəllifi Qiorqi Kandelaki və Tinatin Xidaşeliyə qarşı istintaqdan narahatlıq bildirir.
Avropa Parlamenti Gürcüstan hakimiyyətini ifadə azadlığını, akademik azadlığı və müstəqil araşdırma hüququnu bərpa etməyə çağırır.
Qətnamədə fundamental azadlıqları, siyasi fəaliyyəti, vətəndaş etirazını və fərqli fikirləri məhdudlaşdıran qanunvericiliyin qəbul edilməsi də sərt şəkildə pislənilir. Gürcüstan hakimiyyətindən bu məhdudlaşdırıcı qanunların ləğv edilməsi, siyasi təzyiq məqsədilə həbs qətimkan tədbirindən istifadə olunmasının dayandırılması və məhkəmə müstəqilliyinin təmin edilməsi tələb olunur.
Sənəddə vurğulanır ki, Gürcüstanda siyasi məhbusların mövcudluğu ölkənin Assosiasiya Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə uyğun gəlmir.
Avropa Parlamenti həmçinin gürcü xalqına və onun demokratik, Avropa yönümlü gələcəyinə sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Avropa Komissiyasını və Aİ-yə üzv dövlətləri təhlükə altında olan gürcü fəallara, jurnalistlərə və müxalifət nümayəndələrinə dəstək və müdafiə göstərməyə çağırır.
Bundan əlavə, Avropa Parlamenti Aİ-ni və üzv dövlətləri demokratik müxalifətə, dissidentlərə, etirazçılara və jurnalistlərə qarşı siyasi motivli həbslərə, təqiblərə və zorakılığa görə məsuliyyət daşıyan şəxslərə qarşı hədəfli sanksiyalar, o cümlədən Aİ məkanında viza qadağası tətbiq etməyə çağırır.


