09 
Mar
2026
17:46
265

Yeni dəyişiklik: Dövlət Audit Xidmətinin çağırışına gəlməyən şəxs hakim qarşısında dindirilə bilər

Gürcüstan parlamentinə təqdim edilən qanunvericilik dəyişikliklərinə əsasən, Dövlət Audit Xidmətinin çağırışına gəlməyən şəxsin magistr hakim qarşısında dindirilməsi mümkün olacaq.

InterPress.ge xəbər verir ki, bu, “Gürcüstanın İnzibati Prosessual Məcəlləsinə” planlaşdırılan dəyişikliklər layihəsində nəzərdə tutulub.

Layihə parlamentə hakim çoxluğun deputatları tərəfindən təqdim edilib.

Dəyişikliklərə görə, Dövlət Audit Xidməti siyasi partiyaların, partiya üzvlərinin, seçki subyektlərinin və ya açıq şəkildə siyasi məqsədləri olan şəxslərin maliyyə fəaliyyətinin monitorinqi üçün zəruri məlumatlara malik ola biləcək fiziki şəxsləri dindirə biləcək. Həmin şəxslər “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Qrantlar haqqında”, “Xarici təsirin şəffaflığı haqqında” qanunlar və “Xarici agentlərin qeydiyyatı aktı” çərçivəsində tələb olunan məlumatlara sahib ola bilərlər.

Əgər belə şəxslər Dövlət Audit Xidmətinin çağırışına baxmayaraq sorğu üçün quruma gəlməzlərsə, onların magistr hakim qarşısında dindirilməsi mümkün olacaq.

Qeyd olunur ki, bu dəyişikliklər parlamentdə təşəbbüs irəli sürülən qanunvericilik paketinin tərkib hissəsidir. Paketdə əsas yenilik ondan ibarətdir ki, “Xarici təsirin şəffaflığı haqqında” qanunla nəzərdə tutulan səlahiyyətlər artıq Milli İctimai Reyestr Agentliyi deyil, Dövlət Audit Xidməti tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, 2024-cü ilin mayında parlament tərəfindən qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanuna əsasən, Ədliyyə Nazirliyinin Milli İctimai Reyestr Agentliyində “xarici gücün maraqlarını həyata keçirən təşkilatların reyestri” yaradılıb.

Həmin qanuna görə, gəlirlərinin 20 faizindən çoxunu xaricdən əldə edən qeyri-hökumət və media təşkilatları bu reyestrdə qeydiyyatdan keçməlidirlər. Əks halda, qanun 25 min lari məbləğində cərimə nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın