09 
Mar
2026
16:07
577

İrakli Kobaxidze: Gürcüstanda İranın təsirinin artdığını araşdıranlar “vətənə xəyanət edirlər”

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstanda İranın təsirinin artması ilə bağlı araşdırmalar aparan şəxslər ölkənin milli maraqlarına zərər vururlar.

InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun liderinin sözlərinə görə, Gürcüstanın İran sanksiyalarından yayınmaq üçün istifadə edildiyi barədə iddialar tamamilə yalandır və milli maraqlara qarşı yönəlmiş cəhddir.

Kobaxidze qeyd edib ki, xarici agentlər Gürcüstanda siyasi gündəmi müəyyən edə bilməzlər.

“İranla bağlı ticarət statistikalarına baxsanız görərsiniz ki, Gürcüstandan İrana ixrac ümumi ticarətin yarım faizindən də azdır, İrandan idxal isə 1,4 faiz təşkil edir. Belə bir vəziyyətdə bəzi şəxslər Gürcüstanın İran sanksiyalarını aşmaq üçün istifadə edildiyini deyirlər. Bu, yalandır və milli maraqlara qarşı məqsədli hücumdur”, – deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, bu cür iddialar ölkənin maraqlarına zərər vurmaq məqsədi daşıyır və faktlar onların əsassız olduğunu göstərir.

Baş nazir həmçinin qeyd edib ki, bu cür bəyanatlarla çıxış edən şəxslər öz iddialarını qısa müddətdə təkzib etmək məcburiyyətində qalırlar.

“Bir gün ərzində öz yalanını inkar etməli olursansa, bu artıq milli maraqlara qarşı məqsədli fəaliyyətin göstəricisidir”, – deyə Kobaxidze vurğulayıb.

O əlavə edib ki, bəzi şəxslər Gürcüstanda hətta akkreditasiyası olmayan bir universitet haqqında danışaraq ölkəyə qarşı ittihamlar irəli sürməyə çalışırlar.

Kobaxidzenin sözlərinə görə, bu şəxslərin vəziyyəti hətta 1921-ci ildə Sovet Rusiyasının Gürcüstanı işğalında iştirak etmiş Serqo Orconikidzenin vəziyyətindən də ağırdır.

“Bu insanlar – ‘Transparency International’, Tina Xidaşeli və digərləri – hətta 1921-ci ildə Serqo Orconikidzenin olduğu vəziyyətdən də ağır vəziyyətdədirlər”, – deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın