Nikolaz Samxaradze: Müxalifət beynəlxalq gündəmdəki hər mövzudan istifadə edərək Gürcüstan hakimiyyətini günahlandırmağa çalışır
Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikolaz Samxaradze Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaqla bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib ki, müxalifət uzun müddətdir ölkənin maraqlarına zidd fəaliyyət göstərir.
InterPress.ge xəbər verir ki, Samxaradzenin sözlərinə görə, beynəlxalq siyasətdə hər hansı “isti mövzu” yaranan kimi müxalifət Gürcüstan hakimiyyətini həmin ölkəyə kömək etməkdə ittiham edir.
O qeyd edib ki, müxalifət müxtəlif mövzulardan istifadə edərək reytinqini yüksəltməyə və Gürcüstan hakimiyyətinin imicinə zərər vurmağa çalışır.
Samxaradze xatırladıb ki, Rusiyanın Ukraynaya hücumunun ilk günlərində də Gürcüstan hakimiyyətinə qarşı oxşar ittihamlar səsləndirilirdi.
“Xatırlayırıq ki, o vaxt iddia edirdilər guya Gürcüstan Rusiyaya kömək edir, hətta o həddə çatdılar ki, Rusiyaya silah verdiyimizi və Ukraynadakı müharibədə Rusiyanın tərəfində döyüşdüyümüzü də dedilər. Bu ittihamları hamımız xatırlayırıq. İndi isə gündəmdə İran mövzusu var və müxalifət yenə də eyni yolu seçib. İndi də iddia edirlər ki, Gürcüstan hakimiyyəti İranın maraqları naminə fəaliyyət göstərir”, – deyə Samxaradze bildirib.
Onun sözlərinə görə, gələcəkdə gündəmdə başqa bir ölkə olsa, müxalifət yenə də oxşar ittihamlar səsləndirəcək.
Samxaradze hesab edir ki, bu yanaşma yalnız siyasi manipulyasiya deyil, həm də ölkənin maraqlarına zidd hərəkətdir. O bildirib ki, müxalifət bu cür iddialarla Gürcüstan cəmiyyətinin deyil, xarici dairələrin diqqətini cəlb etməyə çalışır.
Komitə sədrinin sözlərinə görə, artıq qısa müddətdə aydın olub ki, Gürcüstanda hər hansı terror hazırlığı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə gün əvvəl bəyanat yayaraq bildirib ki, son günlər müxtəlif şəxslər tərəfindən Gürcüstanda digər ölkələrin kadr toplaması və terrorizmə dair ittihamlar səsləndirilib. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 319-cu maddəsi ilə aparılır. Bu maddə xarici dövlətə, xarici təşkilata və ya onların nəzarətində olan quruma düşmənçilik fəaliyyətində yardım göstərilməsini nəzərdə tutur.


