ATƏT/ODIHR: Gürcüstanda qəbul edilən yeni qanunvericilik vətəndaş və siyasi hüquqları məhdudlaşdırır
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODIHR) Gürcüstanda qəbul edilən yeni qanunvericiliyin ciddi narahatlıq doğurduğunu bildirib.
InterPress.ge xəbər verir ki, bu barədə rəsmi qurum bəyanat yayıb.
Qurumun yaydığı bəyanatda qeyd olunur ki, bu qanunvericilik vətəndaş hüquqlarını, siyasi hüquqları və ifadə azadlığını məhdudlaşdırır.
ODIHR-in açıqlamasına görə, Gürcüstanda davam edən etiraz aksiyaları və ölkədə demokratik mühitin pisləşməsi fonunda martın 4-də qəbul edilən qanun dəyişiklikləri ciddi narahatlıq yaradır. Bildirilir ki, yeni qanunlar vətəndaş cəmiyyəti təşkilatlarına və xarici maliyyə alan digər subyektlərə əlavə məhdudiyyətlər tətbiq edir, onların siyasi partiyalara qoşulmasını və dövlət vəzifələrinə namizədliyini qadağan edir.
Bəyanatda həmçinin qeyd olunur ki, bu dəyişikliklər vətəndaş cəmiyyəti üçün beynəlxalq maliyyə yardımını daha da məhdudlaşdırır və hakimiyyətin “delegitimləşdirilməsi” kimi qiymətləndirilən fəaliyyətləri qanunsuz elan edir.
ODIHR-in qiymətləndirməsinə görə, yeni qanunvericilik ifadə və birləşmə azadlığına mənfi təsir göstərəcək və siyasi və ictimai fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq. Qurum bildirir ki, qanunun geniş tətbiq dairəsi yalnız müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına və insan hüquqları müdafiəçilərinə deyil, həm də ekspertlərə, məsləhətçilərə və xidmət göstərən digər şəxslərə də təsir edə bilər.
Bəyanatda vurğulanır ki, sərt cinayət cəzaları və “kütləvi itaətsizlik” və ya “ekstremizm” kimi geniş və qeyri-müəyyən anlayışların tətbiqi hüquqi müəyyənlik və qanunun aliliyi prinsiplərinə uyğun deyil və qanunun özbaşına tətbiqi riskini artırır.
Qurum əlavə edib ki, hökumətin əvvəlcədən icazəsi olmadan istənilən xarici maliyyələşmənin qanunsuz hesab edilməsi və bunun altı ilə qədər həbs cəzası ilə cəzalandırılması qeyri-proporsional tədbirdir və hakimiyyəti tənqid edən vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini ciddi şəkildə zəiflədə bilər.


