Mariam Laşxi: ABŞ səfəri çərçivəsində Suveren Millətlər Alyansının sammitində Gürcüstanın mövqeyi səsləndirildi
Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Mariam Laşxi ABŞ-a səfəri çərçivəsində Suveren Millətlər Alyansının konfransında iştirakını və səfərin nəticələrini dəyərləndirib.
O bildirib ki, konqresmen Anna Paulina Lunanın dəvəti ilə Suveren Millətlər Alyansının ilk sammiti keçirilib və Gürcüstan da bu tədbirə dəvət olunaraq panel müzakirəsində iştirak edib.
Laşxinin sözlərinə görə, Gürcüstan alyans çərçivəsində gürcü xalqının mövqeyini səsləndirmək imkanı əldə edib.
“Bu alyans ilk növbədə ümumi milli, ənənəvi və xristian dəyərlərinə əsaslanır. Alyansın əsas məqsədlərindən biri də xalqların öz talelərini öz vətəndaşlarının iradəsinə uyğun müəyyən etməsidir. Suverenlik bu birliyin əsas prinsipidir”, – deyə Mariam Laşxi bildirib.
Onun sözlərinə görə, 50-dən çox ölkə ilə birlikdə Gürcüstan milli maraqların və tarixi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.
Laşxi qeyd edib ki, müzakirələr zamanı enerji təhlükəsizliyi və Gürcüstanın Orta Dəhlizdə rolu da diqqət mərkəzində olub.
O əlavə edib ki, səfər çərçivəsində Gürcüstan təkcə ABŞ-da deyil, həm də beynəlxalq səviyyədə yeni tərəfdaşlar qazanıb və hesab edir ki, ABŞ ilə strateji tərəfdaşlıq keyfiyyətcə yenilənərək konkret nəticələr verəcək.


