Nikolaz Samxaradze: Konqresdə əsas müzakirə mövzusu Gürcüstan–ABŞ münasibətlərinin yeni mərhələyə keçirilməsi olub
Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikolaz Samxaradze ABŞ Konqresində keçirilən görüşlərin əsas mövzusunun Gürcüstan–ABŞ münasibətlərinin yaxşılaşdırılması və yeni mərhələyə keçirilməsi olduğunu bildirib.
Onun sözlərinə görə, parlament nümayəndə heyəti Konqresdə bir neçə konqresmenlə görüş keçirib.
Samxaradze qeyd edib ki, görüşlər zamanı əsasən Xarici əlaqələr komitəsinin üzvləri ilə, həmçinin digər komitələrin nümayəndələri ilə də müzakirələr aparılıb.
“Bu gün Konqresdə görüşlərimizi başa çatdırdıq. Beş konqresmenlə görüşmək imkanımız oldu. Son görüşümüz Avropa üzrə altkomitənin sədri Kit Self ilə baş tutdu. Gün ərzində həmçinin Rendi Fayen, Mayk Törner, Rayan Zinke və Anna Paulina Luna ilə də görüşlər keçirdik”, – deyə Samxaradze bildirib.
Onun sözlərinə görə, görüşlərdə Gürcüstan–ABŞ münasibətləri, təhlükəsizlik məsələləri, regionda baş verən proseslər, həmçinin Orta Dəhlizin inkişafı müzakirə olunub.
Samxaradze əlavə edib ki, gürcü tərəfi konqresmenlərdən ayrı-ayrı konqresmenlərin irəli sürdüyü və açıq şəkildə Gürcüstan əleyhinə xarakter daşıyan qanunvericilik təşəbbüslərini diqqətlə araşdırmalarını xahiş edib ki, iki ölkə arasında münasibətlərdə yaranmış müsbət dinamika zərər görməsin.


