Co Uilson: “Gürcü Arzusu” Gürcüstanın infrastrukturunu əsasən Çin Kommunist Partiyasına verib
ABŞ Konqresinin üzvü və Helsinki Komissiyasının həmsədri Co Uilson bildirib ki, “Gürcü Arzusu” Gürcüstanın infrastrukturunu əsasən Çin Kommunist Partiyasına verib və ölkəni “borc asılılığına” salıb.
InterPress.ge xəbər verir ki, o, bu barədə Helsinki Komissiyasında keçirilən “Avropada Çinin infiltrasiya və məcburetmə siyasətinə reaksiya” mövzusunda dinləmələr zamanı çıxışında deyib.
Konqresmenin sözlərinə görə, diktatura rejimlərinin istifadə etdiyi taktika getdikcə daha çox oxşar və təkmilləşmiş olur və bu proses texnologiyalar və innovasiyalar tərəfindən “narahatedici şəkildə” dəstəklənir.
“Bu model Gürcüstan Respublikasında tam şəkildə öz əksini tapıb. Bidzina İvanişvili və onun ‘Gürcü Arzusu’ diktaturası demək olar ki, bütün müxalifət liderlərini həbs edib və azadlıq və rifah istəyən gürcü xalqının iradəsini nəzərə almayıb. Onlar Çin tipli ‘borc tələsi diplomatiyası’ və rus oliqarxiyasını istəmirlər”, – deyə Uilson bildirib.
O iddia edib ki, Rusiya uzun müddətdir Bidzina İvanişvilinin fəaliyyətinin bazası və sərvətinin mənbəyi olub.
Konqresmenin sözlərinə görə, “Gürcü Arzusu”nun 2024-cü ildə “saxtalaşdırılmış seçkilər yolu ilə hakimiyyəti ələ keçirməsindən” sonra Çin hökuməti onlara nəzarət texnologiyaları, təbliğat kanalları və maliyyə dəstəyi təqdim edir.
Uilson ABŞ üçün Orta Dəhlizin əhəmiyyətini də vurğulayıb və bildirib ki, Gürcüstanın infrastrukturu əsasən Çinin nəzarətinə verilib.
“Prezident Donald Tramp təchizat zəncirinin təmin edilməsi və diversifikasiyası üçün Mərkəzi Asiya və Orta Dəhlizə haqlı olaraq prioritet verib. ‘Gürcü Arzusu’ isə Gürcüstanın infrastrukturunu əsasən Çin Kommunist Partiyasına təhvil verib və ölkəni borc asılılığına salıb. Nəticədə ABŞ-ın Orta Dəhlizə çıxışı faktiki olaraq Çin Kommunist Partiyasının nəzarəti altındadır”, – deyə konqresmen bildirib.


