Nikolaz Samxaradze: ABŞ-la yeni strateji tərəfdaşlıq sazişi üzərində işləməyə hazırıq
Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikolaz Samxaradze ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Brendan Hanrahan ilə görüşünün başa çatdığını bildirib.
Samxaradzenin sözlərinə görə, görüş dostluq atmosferində keçib və tərəflər ikitərəfli maraq doğuran bir sıra məsələləri, o cümlədən Gürcüstan hakimiyyəti ilə ABŞ-ın yeni administrasiyası arasında mövcud olan dəyər uyğunluğunu müzakirə ediblər.
Onun qeyd etdiyinə görə, görüş zamanı Gürcüstanla ABŞ arasında yeni strateji tərəfdaşlıq sazişi məsələsi də gündəmdə olub. Sazişin qarşılıqlı faydaya yönələcəyi vurğulanıb.
“Gürcüstanın təhlükəsizlik çağırışları, işğaldan irəli gələn təhdidlər barədə danışdıq. Regionda baş verən proseslərin Gürcüstanın təhlükəsizliyinə təsirini müzakirə etdik. Orta Dəhlizin inkişafı, o cümlədən Tramp marşrutu məsələsinə toxunduq və qeyd etdik ki, biz bu marşrutun həyata keçirilməsini alqışlayırıq. Çünki bunu Orta Dəhlizə və Gürcüstan marşrutuna alternativ deyil, əksinə, tamamlayıcı amil hesab edirik. Həmçinin ABŞ şirkətlərinin Gürcüstana investisiya yatırımı məsələsi və ən əsası, yeni strateji tərəfdaşlıq sazişi barədə danışdıq”, – deyə Samxaradze bildirib.
Onun sözlərinə görə, Gürcüstan tərəfi yeni saziş üzərində işləməyə hazır olduğunu təsdiqləyib və tərəfdaşlığı daha da gücləndirəcək bir sıra istiqamətlər müəyyən edilib.
Samxaradze əlavə edib ki, görüş maraqlı və məhsuldar keçib və müzakirələr gələcəkdə də davam etdiriləcək.


