Yunanıstanda Gürcüstan vətəndaşı ABŞ hərbi-dəniz bazasında casusluq şübhəsi ilə saxlanılıb
Yunanıstanda 36 yaşlı Gürcüstan vətəndaşı Krit adasında yerləşən ABŞ hərbi-dəniz bazasında casusluq fəaliyyəti şübhəsi ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Reuters polis və kəşfiyyat mənbələrinə istinadən yayıb.
Agentlik qeyd edir ki, sözügedən baza Aralıq dənizində ABŞ-ın strateji obyektlərindən biridir. Suda körfəzində Yunanıstan, ABŞ və NATO-ya məxsus hərbi obyektlər yerləşir. Bazaya yaxın vaxtlarda təchizatın yenilənməsi məqsədilə USS Gerald R. Ford aviadaşıyıcısı yan alıb, daha sonra isə Yaxın Şərq istiqamətində hərəkət edib.
Məlumata görə, şəxs Yunanıstan kəşfiyyat xidmətinin təqdim etdiyi informasiya əsasında Afina hava limanında saxlanılıb.
Rəsmi şəxslər bildiriblər ki, hadisə ilə bağlı araşdırma başlanılıb və rəqəmsal sübutlar öyrənilir.
Yunanıstan kəşfiyyat xidmətinin nümayəndəsi olan mənbə qeyd edib ki, şübhəlinin telefonunda ABŞ aviadaşıyıcısının fotoları aşkar edilib. Hakimiyyət orqanları mobil tətbiq vasitəsilə İranda olan şəxslə mümkün əlaqələri də araşdırır.
Bildirilir ki, saxlanılan şəxs fevralın 3-də Almaniyadan Yunanıstana gəlib və ötən ay Suda bazası yaxınlığındakı hoteldə yaşayıb. Mənbələrin məlumatına görə, o, irəli sürülən ittihamlarla bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, iyun ayında Yunanıstan polisi casusluq ittihamı ilə daha bir şəxsi – Azərbaycan vətəndaşını da saxlamışdı. O da bir neçə gün Qərbi Kritdə yerləşən hərbi-dəniz və hava bazasının yaxınlığında qalmışdı.
İsrail və ABŞ-ın şənbə günü İrana zərbələr endirməsindən sonra bazada təhlükəsizlik tədbirləri gücləndirilib. Hakimiyyət orqanları bu iki hadisə arasında əlaqə olub-olmadığını araşdırır.


