Nino Tsilosani: Yaxın Şərqdə son dərəcə ağır vəziyyət yaranıb
"Regionda son dərəcə ağır vəziyyət formalaşıb və hərbi eskalasiyanın miqyası ciddi narahatlıq doğurur."
InterPress.ge xəbər verir ki, bu barədə Yaxın Şərqdə baş verən hadisələrlə bağlı açıqlama verən parlamentin vitse-spikeri Nino Tsilosani bildirib.
Onun sözlərinə görə, istər İran, istərsə də İsrail tərəfində həlak olan mülki şəxslərlə bağlı başsağlığı ifadə olunur.
“Yaxın Şərqdə son dərəcə ağır vəziyyət yaranıb. Regionda baş verən ağlasığmaz qarışıqlıq böyük narahatlıq doğurur. İran olsun, İsrail olsun – mülki əhalinin həlak olduğu bütün hallarla bağlı başsağlığı veririk. İnfrastruktur istiqamətində də böyük itkilər var. Hərbi müdaxilənin miqyası son dərəcə genişdir. Əlbəttə, biz bu vəziyyətin diplomatik kanallar vasitəsilə deeskalasiyasını dəstəkləyirik, çünki müharibə və hərbi qarşıdurma çıxış yolu deyil. Bütün cəlb olunmuş dövlətləri diplomatik vasitələrdən maksimum istifadə etməyə çağırırıq”, – deyə Tsilosani qeyd edib.
O, Gürcüstan hökumətinin yaydığı başsağlığı bəyanatına da qoşulduğunu bildirib.
“Bildiyiniz kimi, hökumət bu hərbi eskalasiya prosesində iştirak edən bütün ölkələrə, orada həlak olanlara – həm rəsmi şəxslərə, həm də mülki vətəndaşlara başsağlığı verib. Mən də bu başsağlığına, əlbəttə, qoşuluram”, – deyə vitse-spiker vurğulayıb.
“ABŞ-ın qatili öldürməsi başsağlığı üçün əsasdırmı?” sualına cavabında isə Tsilosani bildirib ki, heç bir ölkənin qanunvericiliyində “qatilin öldürülməsi” alqışlanan hal sayılmır.
“İnsan hüquqları və demokratiyanın necə işlədiyini belə bilmirsiniz. ‘Qatilin öldürülməsi’ hüquqi baxımdan konkret anlayışdır. Daha geniş miqyasa keçmirəm. Heç bir ölkənin qanunvericiliyində qatilin öldürülməsi alqış obyekti deyil. Başsağlığı ilə bağlı isə hökumətin bəyanatına baxa bilərsiniz – orada bütün ağır faktlarla bağlı başsağlığı ifadə olunub”, – deyə Nino Tsilosani əlavə edib.


