Gürcüstan hökuməti baş sağlığı verdi
Gürcüstan hökuməti Yaxın Şərqdə davam edən hərbi əməliyyatları dərin narahatlıqla izlədiyini bəyan edib. Hökumətin yaydığı açıqlamada bildirilir ki, regionda baş verən hadisələr istisnasız olaraq bütün ölkələrin təhlükəsizliyi və rifahı üçün təhdid yaradır.
Bəyanatda qeyd olunur ki, Gürcüstan hökuməti davam edən hərbi əməliyyatlar nəticəsində ən çox insan itkisi ilə üzləşmiş İran xalqına və İran İslam Respublikasına başsağlığı verir. Bildirilir ki, hadisələr nəticəsində ali lider, digər siyasi rəhbərlər, çoxsaylı günahsız insanlar və onlarla uşaq həyatını itirib.
Eyni zamanda, hökumət hərbi əməliyyatlar nəticəsində mülki şəxslərin həlak olması ilə əlaqədar dost yəhudi xalqına və İsrailə də başsağlığı ifadə edib.
Açıqlamada vurğulanır ki, Gürcüstan hökuməti ölkə ilə xüsusi tərəfdaşlıq əlaqələri olan Körfəz ərəb dövlətləri ilə tam həmrəylik nümayiş etdirir və yaxın vaxtlarda Yaxın Şərqdə sülhün bərpa olunacağına ümid edir. Qeyd olunur ki, hərbi əməliyyatları diplomatiya və siyasi dialoq əvəz etməlidir.
Hökumət həmçinin regionda olan Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və onların maraqlarının qorunması üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirib.


