İrakli Kobaxidze: Sanksiyalar nəticəyə deyil, “iflic vəziyyətdə olan müxalifəti” canlandırmağa hesablanıb
"Tətbiq olunan sanksiyalar konkret nəticəyə deyil, “praktiki olaraq nəbzi hiss olunmayan müxalifəti canlandırmağa” yönəlib."
InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Gürcüstan vətəndaşları üçün vizasız rejimin mümkün dayandırılması ilə bağlı bəyanatı Böyük Britaniyanın iki gürcü telekanalına qarşı tətbiq etdiyi sanksiyalarla birbaşa əlaqəlidir. Kobaxidze bu addımları “sadə koordinasiya” adlandırıb.
“Bu, birbaşa Britaniyanın qərarı ilə əlaqəlidir. Burada açıq şəkildə koordinasiya və xarici müdaxilə görünür. Avropa bürokratiyasında da Britaniya bürokratiyasında olan eyni problemlər mövcuddur. Onlar Gürcüstanda faktiki olaraq nəbzi hiss olunmayan, canlı-cansız vəziyyətdə olan müxalifəti görürlər və belə bir vaxtda koordinasiyalı şəkildə müxalifəti dirçəltmək üçün müəyyən addımlar atırlar. Bu məqsədə xidmət edən sanksiyalar nəticəyə hesablanmayıb, məqsəd müxalifəti az da olsa canlandırmaqdır. Avropa Komissiyası prezidentinin bəyanatı da eyni məqsədə xidmət edir və bu, bizim üçün o qədər də maraqlı deyil”, – deyə Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, Gürcüstan Avrointeqrasiya ilə bağlı öhdəliklərini yerinə yetirməyə hazırdır.
“Biz Assosiasiya Sazişindən və Azad Ticarət Sazişindən irəli gələn öhdəliklərimizi yerinə yetirməyə hazırıq. Əgər Avropa bürokratiyası sağlam və ədalətli yanaşma nümayiş etdirərsə, Gürcüstan-Avropa İttifaqı münasibətləri lazımi şəkildə inkişaf edəcək. Əsas odur ki, onlar münasibətlərini dəyişsin və gürcü xalqına qarşı ədalətli mövqe ortaya qoysunlar”, – deyə o əlavə edib.
Ursula fon der Lyayen nə deyib?
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bəyan edib ki, əgər hakimiyyət problemləri aradan qaldırmasa, vizasız rejimin dayandırılması bütün əhaliyə şamil oluna bilər.
“Avropa İttifaqı gürcü xalqının demokratik, sabit və Avropa gələcəyi üçün səylərini əsirgəməyəcək. Gürcüstandakı bütün siyasi aktorları bu məqsəd naminə çalışmağa çağırırıq. Son dövrlər baş verən neqativ hadisələr fonunda Avropa İttifaqı qəti reaksiya verib və Gürcüstan hakimiyyətini jurnalistlərin, fəalların və ədalətsiz şəkildə saxlanılan şəxslərin azad edilməsinə çağırıb”, – deyə fon der Lyayenin müxalifətə ünvanladığı məktubda qeyd olunur.


