27 
Fev
2026
12:08
421

Şalva Papuaşvili: “Britaniya səfiri azərbaycanca (gürcücə) dili niyə öyrəndiyini indi başa düşdük”

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Britaniyanın Gürcüstandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasına münasibət bildirib. O, səfirin “İmedi” və POSTV telekanallarına qarşı tətbiq edilən sanksiyalarla bağlı məsələ üzrə izahat verməyə çağırıldığını qeyd edib.

Papuaşvilinin sözlərinə görə, “məlum olub ki, Britaniya səfiri gürcü dilini ona görə öyrənirmiş ki, ‘POSTV’ və ‘İmedi’yə baxsın və azad media əleyhinə işlər hazırlasın”.

“Faktdır ki, Britaniyanın qərarı nəyəsə əsaslanırsa, bu, onun səfirinin hazırladığı materiallardır. Təsdiqlənir ki, azad mediaya hücum üçün işi məhz səfir hazırlayıb və bu, çox ağırdır. Sosial mediada onun bir videosu yayılmışdı – 5 dəfə izlədim. İroniyadır ki, bir neçə ay əvvəl bizə azad medianın tərəfdarı olduqlarını and içirdi. Yəqin həmin videonu yazdıqdan sonra kabinetinə qayıdıb və azad mediaya hücum üçün əsaslar hazırlamağa başlayıb”, – deyə Papuaşvili bildirib.

Onun sözlərinə görə, səfir Xarici İşlər Nazirliyinə təqdim etdiyi arqumentləri sübutlarla əsaslandırmalı idi, lakin heç bir sübut təqdim edə bilməyib.

“Bu, bir daha sübut edir ki, bu, təxribat olmadan və əsassız şəkildə azad mediaya qarşı hücumdur. Heç bir hüquqi əsası yoxdur. Son məqsəd doğru sözə qarşı çıxmaq və meydanı öz təbliğatçıları üçün təmizləməkdir”, – deyə o qeyd edib.

Papuaşvili əlavə edib ki, son aylarda Britaniya səfirliyi “Tabula”nın maliyyələşdirilməsinə cəhd edib və “Formula” telekanalının sahibi David Kezeraşvilinin Britaniyada sığınacaq tapdığını xatırladıb. Onun iddiasına görə, məqsəd “azad və doğru sözün boğulmasıdır”.

Parlament sədri həmçinin bildirib ki, Britaniya səfirinin kimlərə istinad etdiyi barədə suala cavab olaraq “bu qərarı dəstəkləyən və ya susan şəxslər xarici ölkənin tərəfində dayanırlar”.

Papuaşvili bəyan edib ki, “müxtəlif media QHT-ləri və özlərini media müdafiəçisi kimi təqdim edən qurumlar susur” və bunu “xarici qüvvələrin təsiri” ilə əlaqələndirib.

Xatırladaq ki, fevralın 24-də Böyük Britaniya “İmedi” və POSTV telekanallarına sanksiya tətbiq edib. Britaniya hökumətinin məlumatına görə, hər iki televiziya “Rusiya dezinformasiyasının yayılmasında iştirak edən təşkilatlar” kimi sanksiyaya məruz qalıb.

Sanksiyalar aktivlərin dondurulmasını, maliyyə xidmətlərinin qadağan edilməsini və direktorların diskvalifikasiyasını nəzərdə tutur. Sənəddə qeyd olunur ki, “İmedi” və POSTV Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı ilə bağlı qəsdən yanlış məlumatlar yayır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər