26 
Fev
2026
12:31
228

“Vahid Milli Hərəkat” Natia Turnavanın istefasını tələb edir

Vahid Milli Hərəkat partiysı Milli Bankın prezidenti Natia Turnavanın istefasını tələb edir və sanksiyaların icrasına monitorinqə başlayır.

InterPress.ge xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri Laşa Parulava bəyanat yayıb. 

Laşa Parulava bu bəyanatla Milli Bankın prezidenti Natia Turnavanın “İmedi” və POSTV telekanallarına qarşı tətbiq edilən sanksiyalarla bağlı açıqlamasına münasibət bildirib.

Parulavanın sözlərinə görə, “görünür, Natia Turnava Böyük Britaniya tərəfindən ‘İmedi’ və ‘POSTV’-yə qarşı tətbiq olunan sanksiyaları icra etmək niyyətində deyil və bildirir ki, müvafiq qurumlar əvvəlcə Muruşidzenin məhkəməsinə müraciət etməlidir”. Onun qiymətləndirməsinə əsasən, bu cür mövqe Gürcüstanın maliyyə sisteminə təhlükə yaradır, ciddi risklər formalaşdırır və bank sektorunun sabitliyinə zərər vurur.

“Natia Turnava 38 000 lari məbləğində əməkhaqqını sanksiyaya məruz qalan şəxsləri qorumaq üçün almır. Onun vəzifəsi xalqın maraqlarını qorumaq və maliyyə sabitliyini təmin etməkdir. Əgər o, siyasi təzyiqlərə qarşı dura bilmirsə və ya durmaq istəmirsə, istefa verməyə çağırırıq.

Daha əvvəl hakimiyyət beynəlxalq sanksiyalar altına düşmüş Otar Partsxaladzeni müdafiə etdi, indi isə rus hibrid müharibəsinin narrativlərini yayan media qurumlarını müdafiə edir”, – deyə Laşa Parulava bildirib.

Bununla yanaşı, Parulavanın sözlərinə görə, “Vahid Milli Hərəkat” sanksiyaların icrası prosesinin monitorinqinə başlayır. O qeyd edib ki, sanksiyaya məruz qalan telekanallara maliyyə və ya reklam dəstəyi göstərən bütün şəxslər və şirkətlər ictimai şəkildə açıqlanacaq və bu məlumat həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, fevralın 24-də Böyük Britaniya “İmedi” və “POSTV” telekanallarına qarşı sanksiyalar tətbiq edib. Böyük Britaniya hökumətinin məlumatına görə, hər iki televiziya “Rusiya dezinformasiyasının yayılmasında iştirak edən təşkilatlar” kimi sanksiyaya məruz qalıb.

Bu məsələ ilə bağlı Gürcüstan Milli Bankının prezidenti Natia Turnava bildirib ki, kommersiya bankları Gürcüstan Konstitusiyası və milli qanunvericiliklə müəyyən edilmiş normalara uyğun fəaliyyət göstərməlidirlər.

“Ölkədə fəaliyyət göstərən kommersiya bankları Gürcüstan qanunvericiliyinə əsasən yaradılmış hüquqi şəxslərdir və onların fəaliyyəti Gürcüstan Konstitusiyasına və milli qanunvericiliyə tabedir. Əgər başqa yurisdiksiyada qəbul edilmiş normativ aktla Gürcüstan Konstitusiyası və qanunvericiliyi arasında ‘koliziya’ yaranarsa, kommersiya bankları Konstitusiya və qanunvericiliklə müəyyən edilmiş normalara uyğun hərəkət etməyə borcludurlar”, – deyə Natia Turnava qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər