26 
Fev
2026
06:04
263

Xocalı soyqırımından 34 il ötür

Bu gün Xocalı soyqırımının 34-cü ildönümü tamam olur.

InterPress.ge xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın Xocalı şəhərində törədilən qətliam Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən biri kimi xatırlanır.

Həmin gecə şəhər müxtəlif istiqamətlərdən atəşə tutulub və mühasirəyə alınıb. Mülki əhalinin şəhəri tərk etməyə çalışdığı zaman kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Rəsmi məlumatlara görə, Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onların arasında 63 uşaq, 106 qadın və 70 qoca olub. Bundan başqa, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə uzun müddət naməlum qalıb.

Faciə zamanı yüzlərlə insan ağır yaralanıb, ailələr tamamilə məhv edilib, uşaqlar valideynlərini, valideynlər isə övladlarını itirib. Şəhər tamamilə dağıdılıb və sakinlər doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar.

Xocalı hadisələrinə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi istiqamətində Azərbaycan tərəfindən uzun illərdir iş aparılır. Bir sıra ölkələrin parlamentləri və ABŞ-ın bəzi ştatları Xocalı faciəsini soyqırımı kimi tanıyıb. “Xocalıya ədalət” kampaniyası çərçivəsində də faciə qurbanlarının xatirəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət davam etdirilir.

Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd və Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Qeyd edək ki, Xocalı şəhərində artıq 144 ailə (651 nəfər) sakin məskunlaşıb. Ümumilikdə isə Xocalı rayonu üzrə (bir şəhər və yeddi kənd) 950 ailə (3 min 916 nəfər) doğma yurduna qayıdıb.

2026-cı il fevralın 5-də isə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Xocalı hadisəsinin törədilməsində təqsirkar bilinən bir qrup Ermənistan vətəndaşına ömürlük və ya 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onlar Xocalı hadisəsinin törədilməsində günahkar bilinməklə yanaşı, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə günahkar biliniblər.

Hər il fevralın 26-da Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Xocalı qurbanlarının xatirəsi anılır, silsilə anım tədbirləri keçirilir. Bu il də faciənin 34-cü ildönümü ilə əlaqədar müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara kimi qalmaqda davam edir.

Bizimlə əlaqə saxlayın