Sahibkarlıq məqsədilə üzüm bağlarının salınması üçün Milli Şərab Agentliyinin razılığı tələb olunacaq
Parlamentin Kənd Təsərrüfatı Komitəsi hökumətin qanunvericilik təşəbbüsünü ikinci oxunuşda – maddə-maddə müzakirə edərək dəstəkləyib.
InterPress.ge xəbər verir ki, dəyişikliklərə əsasən, sahibkarlıq məqsədilə yeni üzüm bağlarının salınması üçün Milli Şərab Agentliyinin razılığı tələb olunacaq.
Müzakirələr zamanı sahibkarlıq üzüm bağlarının salınma qaydasının müəyyən edilməsi və Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri tərəfindən müvafiq əmrin verilməsi ilə bağlı tarix dəyişdirilib. Layihənin ilkin variantında bu müddət 1 mart 2026-cı il nəzərdə tutulmuşdu. Qəbul edilən qərara əsasən, son tarix 1 may 2026-cı ilədək uzadılıb.
Komitə iclasında vurğulanıb ki, “Üzüm və şərab haqqında” qanuna ediləcək dəyişikliklər mövcud üzüm bağlarına, həmçinin həvəskar və ya eksperimental təyinatlı bağlara şamil olunmayacaq.
Kənd Təsərrüfatı Komitəsinin sədri Qela Samxaraulinin sözlərinə görə, məqsəd keyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalını təşviq etməkdir:
“Hər bir sahibkar uğurlu olmaq, rəqabətqabiliyyətli və keyfiyyətli məhsul istehsal etmək istəyir. Dövlət də bu istiqamətdə çalışır ki, torpaq, ting, virus və digər məsələlərdə səhvlərə yol verilməsin, müasir tələblərə uyğun üzüm bağları salınsın və yüksək keyfiyyətli üzüm, nəticədə isə yüksək keyfiyyətli məhsul istehsal olunsun”.
Qanuna əlavə edilən yeni norma üzüm bağının salınmasına razılıq anlayışını müəyyən edir. Bu, Milli Şərab Agentliyi tərəfindən fiziki və ya hüquqi şəxsə sahibkarlıq məqsədilə üzüm bağı salmaq hüququ verən sənəd kimi izah olunur.
Digər yeniliyə əsasən, texnoloji proseslərin qeydiyyatı və Agentliyə məlumat vermək öhdəliyi bütün şərab şirkətlərinə şamil ediləcək. Bu tələb illik satış həcmi 1 500 litrdən artıq olmayan kiçik istehsalçılara da aid olacaq.
Bundan əlavə, qüvvədə olan qanuna görə, mənşə adı ilə qorunan şərab və spirtli içkilərin istehsalında eyni zonanın digər altzonası və ya mikrozonasında yetişdirilmiş, eyni sort və ya həmin zonaya tövsiyə olunan eyni rəngli digər sort üzümdən 15%-dək istifadə etməyə icazə verilir. Parlamentə təqdim olunan layihəyə əsasən, bu müddəalar qanundan çıxarılır.
Qeyd edək ki, “Üzüm və şərab haqqında” qanuna dəyişikliklər Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanıb.


