24 
Fev
2026
10:55
194

Səfirlər: Gürcüstanın “ikinci cəbhə” açmağa çağırıldığı barədə iddialar dezinformasiyadır

"Almaniya, Fransa və ya Böyük Britaniyanın Gürcüstanı bu münaqişədə “ikinci cəbhə” açmağa çağırdığı barədə iddialar yanlışdır və dezinformasiya xarakteri daşıyır."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstandakı Fransa səfiri Olivye Kurto, Almaniya səfiri Piter Fişer və Böyük Britaniya səfiri Qaret Uord Rusiya–Ukrayna müharibəsinin başlanmasının dördüncü ildönümü ilə bağlı yaydıqları birgə bəyanatda bildiriblər.

Səfirlərin sözlərinə görə, onlar Rusiyanın Ukraynaya müdaxiləsinin Gürcüstan əhalisinə göstərdiyi dərin təsiri tam anlayırlar. Bəyanatda qeyd olunur ki, gürcü xalqı Rusiya işğalının və ölkə ərazisinin 20 faizinin işğal altında olmasının ağrısını yaşayır.

Diplomatlar vurğulayıblar ki, Gürcüstanın suverenliyini və öz təhlükəsizlik seçimlərini müəyyən etmək hüququnu qətiyyətlə dəstəkləyirlər. Onların sözlərinə görə, NATO çərçivəsində Gürcüstanın Müdafiə Qüvvələri ilə əməkdaşlıq davam etdirilir və məqsəd potensial aqressiyaya qarşı müdafiə qabiliyyətinin gücləndirilməsi, həmçinin Cənubi Qafqaz və Avropada təhlükəsizliyə töhfə verməkdir.

Bəyanatda qeyd olunur ki, Gürcüstan Ukraynanı və onun Avropadakı tərəfdaşlarını suverenlik prinsiplərinin qorunması, Rusiyanın təcavüzünün pislənməsi, insan hüquqları pozuntularına görə məsuliyyətin təmin olunması və beynəlxalq nüvə təhlükəsizliyi standartlarının gücləndirilməsi istiqamətində dəstəkləyir.

Səfirlər bildiriblər ki, Gürcüstan Ukraynanın Müdafiə üzrə Əlaqələndirmə Qrupunun üzvüdür və Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücum etməklə qışı silah kimi istifadə etməyə çalışdığı bir vaxtda Gürcüstan hökumətinin Ukraynaya 1,5 milyon lari dəyərində generatorlar verməsi qərarını alqışlayırlar.

Onların fikrincə, Gürcüstan Rusiyanın hərbi imkanlarına çıxışının məhdudlaşdırılmasını davam etdirməklə, beynəlxalq sanksiyalara əməl etməklə və sanksiyalardan yayınma cəhdlərinə qarşı qəti addımlar atmaqla Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Eyni zamanda, Rusiyanın sanksiyalardan yayınmağa çalışan və dəniz təhlükəsizliyinə ciddi təhdid yaradan “kölgə donanması”ndan idxalın qarşısının alınması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bəyanatda qeyd edilir ki, avroatlantik tərəfdaşlarla münasibətlərin bərpasına prioritet verilməsi və Rusiya neftindən asılılığın azaldılması Gürcüstanın təhlükəsizliyini və suverenliyini gücləndirə, Rusiyanın təzyiqlərinə qarşı həssaslığını azalda bilər. Səfirlər vurğulayıblar ki, Rusiya etibarlı enerji tərəfdaşı deyil və enerji mənbələrinin şaxələndirilməsi Gürcüstanın suverenliyinin və azadlığının qorunmasına, eyni zamanda Avropada enerji dayanıqlığının təmin olunmasına töhfə verəcək.

Diplomatlar Gürcüstanla bu kritik məsələlər üzrə əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.

Sonda vurğulanır ki, Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması və Avropada suverenlik prinsiplərinin qorunması Gürcüstan üçün uzunmüddətli sabitlik və dinc gələcəyin təmin olunmasına xidmət edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər