Mixeil Sarcveladze: Heç bir ödəniş iş icazəsinin verilməsinə zəmanət yaratmır
"Siyasi opponentlər son dövrlər hakimiyyətin istisnasız olaraq bütün qərarlarını tənqid edir və yanlış məlumat yaymaqla guya səhv qərarların qəbul edildiyi təəssüratını yaratmağa çalışırlar."
InterPress.ge xəbər verir ki, bu barədə Qaçqınların, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Mixeil Sarcveladze açıqlama verib.
Nazirin sözlərinə görə, guya müəyyən məbləğ müqabilində xarici ölkə vətəndaşının işləmək hüququ əldə edə biləcəyi barədə iddialar həqiqəti əks etdirmir.
“İstənilən halda heç bir məbləğin ödənilməsi iş icazəsinin verilməsini təmin etmir”, – deyə Sarcveladze bildirib.
Onun sözlərinə görə, xarici vətəndaşın iş icazəsi alması üçün müvafiq ərizə təqdim olunmalı və sənədlər araşdırıldıqdan sonra qərar qəbul edilməlidir.
Nazir qeyd edib ki, bəhs olunan ödəniş dövlət xidmət haqqıdır və bu, məsələn, məhkəməyə iddia ərizəsi verilərkən ödənilən rüsum kimidir. “Bu o demək deyil ki, iddia mütləq təmin ediləcək. Eyni qayda burada da keçərlidir – xarici vətəndaş ərizə təqdim edir və rüsum ödəyir, lakin ərizənin təmin olunub-olunmayacağına müvafiq qurum normativ aktlar əsasında qərar verir”, – deyə o bildirib.
Sarcveladzenin sözlərinə görə, bəzi hallarda iş icazəsinin verilməsi əvvəldən istisna olunur. Bu, bələdçilik, taksi və kuryer xidmətləri sahələrinə aiddir. Nazir vurğulayıb ki, həmin üç istiqamət üzrə xarici vətəndaşların işə cəlb olunmasına obyektiv ehtiyac yoxdur və bazardakı tələbat Gürcüstan vətəndaşları tərəfindən tam təmin oluna bilər.
Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, 2026-cı il martın 1-dən “Əmək miqrasiyası haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minəcək. Dəyişikliklərə görə, Gürcüstanda xarici vətəndaşların işləməsi və ya özünüməşğulluq fəaliyyəti yalnız müəyyən edilmiş qaydalara uyğun olacaq. Xarici vətəndaş qanuni şəkildə işləmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün müvafiq hüquq əldə etməlidir.
Proses tam elektron qaydada həyata keçiriləcək və icazə üçün müraciət ödənişlidir. Əmək fəaliyyəti hüququ konkret vəzifə və konkret işəgötürən üzrə 1 il müddətinə veriləcək. Qanunvericilikdə keçid dövrü də nəzərdə tutulur.


