24 
Fev
2026
10:24
190

Avropa Parlamentinin hesabat layihəsi: “Gürcü Arzusu” ölkənin Avropa inteqrasiyası kursunu faktiki olaraq dəyişib

“Gürcü Arzusu” ölkənin Avropa inteqrasiyası kursunu təkcə dayandırmayıb, faktiki olaraq əks istiqamətlə əvəz edib."

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Rasa Yukneviçiene tərəfindən Gürcüstanla bağlı hazırlanmış hesabat layihəsində qeyd olunur.

Rasa Yukneviçiene sənədi fevralın 25-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində təqdim edəcək.

Hesabat layihəsində “demokratik geriləmə, repressiyalar, düşmən ritorikası, dezinformasiya və təhdidlər fonunda Avropa və demokratik Gürcüstan uğrunda mübarizəni davam etdirən gürcü xalqı ilə tam həmrəylik” ifadə olunur.

Sənəddə vurğulanır ki, Gürcüstana namizəd statusunun verilməsi üçün müəyyən edilmiş doqquz prioritet istiqamətin icrasında geriləmə qeydə alınıb.

Layihədə “Gürcü Arzusu”nun Avropa İttifaqına inteqrasiyanın əsas prioritet olaraq qaldığına dair bəyanatları “absurd” adlandırılır. Qeyd olunur ki, hakimiyyətin yüksək vəzifəli şəxsləri və hökumətə yaxın media Aİ və onun rəsmiləri əleyhinə manipulyativ narrativlər, dezinformasiya və sui-qəsd nəzəriyyələri yayırlar. Eyni zamanda sənəddə 2024-cü ilin oktyabrında keçirilmiş parlament seçkilərinin saxtalaşdırıldığı iddia olunur və “Gürcü Arzusu”nun bu seçkilərdən sonra avtoritarizmə doğru hərəkəti gücləndirdiyi bildirilir.

Hesabatda Bidzina İvanişvili, “Gürcü Arzusu”nun liderləri, hakimlər, prokurorlar və digər vəzifəli şəxslərə qarşı tətbiq olunan hədəfli fərdi sanksiyaların cəzasızlığa qarşı mühüm alət olduğu vurğulanır.

Layihədə Gürcüstan hakimiyyəti ilə münasibətlərin onların repressiya və Aİ-yə qarşı dezinformasiya kursunu dəyişməyənədək mümkünsüz olduğu qeyd edilir.

Sənəddə 2025-ci il 4 oktyabr bələdiyyə seçkilərinin əksər müxalifət partiyaları tərəfindən boykot edildiyi xatırladılır və Seçki Məcəlləsinə edilən dəyişikliklərin yerli müşahidəçilər, media və seçki subyektləri üçün əlavə məhdudiyyətlər yaratdığı bildirilir.

Hesabatda 2026-cı il 28 yanvarda qrantlar haqqında qanuna edilən dəyişikliklər də tənqid olunur. Qeyd edilir ki, dəyişikliklər “qrant” anlayışını genişləndirir və hökumətin əvvəlcədən icazəsi olmadan xaricdən maliyyə qəbulunu cinayət məsuliyyətinə səbəb olan əməl kimi müəyyən edir. Layihədə həmçinin siyasi məhbusların və digər qanunsuz saxlanılan şəxslərin dərhal azad olunmasına çağırış edilir.

Sənəddə ATƏT-in Moskva mexanizminin işə salınması alqışlanır və Avropa Komissiyasının Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin dayandırılması ilə bağlı təklifinin hakimiyyətin fundamental dəyərləri pozmasının nəticəsi olduğu bildirilir. Eyni zamanda qeyd olunur ki, Macarıstan və Slovakiyanın etirazı səbəbindən məsul şəxslər üçün Aİ məkanında vizasız rejimin ləğvi mümkün olmayıb. Layihədə xəbərdarlıq edilir ki, rəsmi Tbilisinin fəaliyyətsizliyi bütövlükdə Gürcüstan vətəndaşları üçün vizasız rejimin dayandırılması ilə nəticələnə bilər.

Hesabatda Gürcüstanın Aİ-nin yüksək nümayəndəsinin bəyanatları və sanksiyalarla bağlı qərarları ilə uyğunluq səviyyəsinin 40 faizə qədər azaldığı bildirilir. Eyni zamanda Ukraynaya dəstək təşəbbüsləri ilə sistemli uyğunlaşmanın olmadığı qeyd olunur.

Sənəddə Gürcüstan hakimiyyəti Aİ sanksiyalarından yayınma məqsədilə ölkə ərazisindən istifadənin qarşısını almaq üçün əməkdaşlığı gücləndirməyə çağırılır. Bundan əlavə, “Gürcü Arzusu”nun avroatlantik inteqrasiya kursundan uzaqlaşaraq Çin, Rusiya və İranla əməkdaşlıq istiqamətini seçdiyi vurğulanır.

Layihədə Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini davamlı işğalı və “sərhədlərin sürüşdürülməsi” prosesi bir daha qəti şəkildə pislənir və bunun Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün pozulması olduğu qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər