Seçki qanunvericiliyinə dəyişikliklər edilir
“Gürcü Arzusu” partiyası yeni qəbul edilmiş seçki qanunvericiliyinə dəyişikliklər edir.
InterPress.ge xəbər verir ki, parlamentdə irəli sürülən dəyişikliklər beynəlxalq seçki müşahidəçilərinə aiddir.
Təklif olunan dəyişikliklərə əsasən, Seçki Məcəlləsində qeyd ediləcək ki, beynəlxalq müşahidəçi yalnız 18 yaşına çatmış xarici ölkə vətəndaşı ola bilər. Layihədə həmçinin beynəlxalq müşahidəçiləri müşayiət edən tərcüməçilərin qeydiyyat prosedurları da müəyyən edilir.
Dəyişikliklərə görə, seçki komissiyasının iclasında foto-video çəkiliş və audio monitorinq qaydaları Mərkəzi Seçki Komissiyasının qərarı ilə tənzimlənəcək.
Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərin təşəbbüskarları parlamentin Hüquqi məsələlər komitəsinin üzvü olan deputatlardır.
Məlumat üçün bildirək ki, parlament 2025-ci ilin dekabrında “Gürcü Arzusu” tərəfindən hazırlanmış Seçki Məcəlləsinin yeni redaksiyasını qəbul edib. Yeni məcəllə ilə seçki prosesinə dair bir sıra qaydalar dəyişdirilib və yenidən tənzimlənib.


