19 
Fev
2026
12:54
213

Qorduladze: “Baçiaşvilini siyasi məhbus adlandıranların hamısı yalan danışırdı”

Arçil Qorduladze Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsinin sədri bildirib ki, Giorgi Baçiaşvilini siyasi məhbus adlandıranların hamısı yalan danışıb.

InterPress.gexəbərverirki, o, bu barədə “BBC” nümayəndələrinin də yer aldığı və Baçiaşvilinin azadlığa buraxılması ilə bağlı yayımlanan filmə münasibət bildirərkən danışıb.

Qorduladzenin sözlərinə görə, Baçiaşvili məsuliyyətdən yayınmağın mümkünsüz olduğuna əmin olduqdan sonra istintaqla tam əməkdaşlıq edib və nəticədə ona münasibətdə qanunvericilikdə nəzərdə tutulan tədbirlər tətbiq olunub.

Komitə sədri qeyd edib ki, “dərin dövlət” nümayəndələri və ya onların idarə etdiyi şəxslər konkret cinayət işlərini siyasi iş kimi təqdim etməyə və bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Onun fikrincə, bir konkret cinayət işi ətrafında süni ajiotaj yaradılıb, lakin sonda bu iş yenə də yalnız bir şəxsə aid cinayət işi olaraq qalıb.

Qorduladze vurğulayıb ki, Baçiaşvilini siyasi məhbus adlandıranların hamısı, o cümlədən BBC nümayəndələri, haqqında danışılan filmdə dezinformasiyaya yol veriblər. O bildirib ki, sözügedən film tamamilə dezinformasiya ilə doludur və sonradan ölkəyə qarşı hücum üçün əsas kimi istifadə olunub.

Məlumat üçün bildirək ki, “Təhlükəsizlik Fondu”nun (Keçmiş “Təhlükəsizlik və Birgə İnvestisiya Fondu”) sabiq rəhbəri Giorgi Baçiaşvili fevralın 18-də penitensiar müəssisəni tərk edib. Prokurorluğun məlumatına görə, Baçiaşvili bütün cinayət işləri üzrə təqsirini etiraf edib, dəymiş zərəri ödəyib və onunla prosessual razılaşma imzalanıb.

Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Baçiaşvilini 2025-ci ilin may ayında saxlayıb. O, Gürcü Arzusu – Demokratik Gürcüstan partiyasının təsisçisi Bidzina İvanişvilinin kriptovalyutasını mənimsəməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Baçiaşvili həmçinin dövlət sərhədini qanunsuz keçmə ilə bağlı digər iş üzrə də təqsirli bilinmiş və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Bundan əlavə, Giorgi Baçiaşviliyə “Mtkvari HES” işi üzrə Gürcüstan Cinayət Məcəlləsinin 220¹-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülmüşdü. Bu maddə xüsusi səlahiyyətli şəxs tərəfindən xidməti vəzifələrin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi nəticəsində ağır nəticələrin baş verməsini nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın