18 
Fev
2026
21:50
181

Dövlət qurumları və bir sıra özəl subyektlər 2027-ci ildən etibarən veb-sayt və mobil tətbiqlərini əlilliyi olan şəxslər üçün əlçatan etməli olacaqlar

Dövlət qurumları və bir sıra özəl hüquqi subyektlər 2027-ci ildən etibarən öz veb-sayt və mobil tətbiqlərini əlilliyi olan şəxslər üçün əlçatan və uyğunlaşdırılmış formada təqdim etməyə borclu olacaqlar.

InterPress.ge xəbər veri ki, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərdə əksini tapıb. Müvafiq qanun layihəsi parlament tərəfindən birinci oxunuşda qəbul edilib.

Layihə “Gürcü Arzusu”nun deputatları tərəfindən hazırlanıb.

Layihəyə əsasən, qanunda birbaşa müəyyən edilir ki, inzibati orqanlar və özəl hüququn bəzi subyektləri öz veb-sayt və mobil tətbiqlərini əlilliyi olan şəxslər üçün əlçatan etməyə borcludurlar.

Qanun layihəsi bu öhdəliyin şamil ediləcəyi özəl subyektlərin siyahısını müəyyən edir. Söhbət təhsil, səhiyyə, sosial müdafiə, nəqliyyat, kommunal xidmətlər, bank, poçt, sığorta sahəsində, həmçinin əczaçılıq və ərzaq satışı istiqamətində fəaliyyət göstərən subyektlərdən gedir.

Bundan əlavə, öhdəlik veb-sayt və mobil tətbiq vasitəsilə “üçüncü şəxs tərəfindən təqdim olunan və qeyri-müəyyən sayda şəxslər üçün müqavilə bağlanmasına dair təkliflərin (ofertaya dəvət) toplanması və yayılmasını həyata keçirən” şəxslərə də şamil olunacaq. Təşəbbüs müəlliflərinin izahına görə, yerli bazarda bu kateqoriyaya, məsələn, Biletebi.ge, tkt.ge, Jobs.ge və myhome.ge kimi platformalar daxildir.

Layihəyə əsasən, veb-sayt və mobil tətbiqlərin uyğunlaşdırılması öhdəliyi audiovizual media xidmətləri göstərənlərə və yayım tranziti üzrə səlahiyyət almış şəxslərə, həmçinin 1 yanvar 2027-ci ilədək dərc edilmiş və həmin tarixdən sonra məzmunu dəyişdirilməyən (arxivləşdirilmiş) veb-sayt və mobil tətbiqlərə şamil edilməyəcək.

Hökumət texniki reqlament vasitəsilə veb-sayt və mobil tətbiqlərin əlçatanlıq standartlarını müəyyən edəcək. Eyni zamanda, hansı materialların bu reqlamentin tətbiq dairəsinə daxil olmadığını da hökumət müəyyənləşdirəcək.

Layihənin müəllifi İnsan hüquqlarının müdafiəsi komitəsinin sədri Rati İonataşvilidir.

Bizimlə əlaqə saxlayın