Parlament qrantlar və siyasi fəaliyyətlə bağlı qaydaları sərtləşdirən qanunvericilik paketini ikinci oxunuşda qəbul edib
Parlament qrantların qəbulu, siyasi fəaliyyət və siyasi aktivliklə bağlı qaydaları daha da sərtləşdirən qanunvericilik dəyişiklikləri paketini maddə-maddə müzakirə edərək ikinci oxunuşda dəstəkləyib.
InterPress.ge xəbər veri ki, səsvermənin nəticələrinə əsasən, 83 deputat lehinə, 9 deputat isə əleyhinə səs verib.
Qanunvericilik paketi həm komitə, həm də plenar iclas çərçivəsində müəyyən düzəlişlərə məruz qalıb.
“Qrantlar haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “qrant” anlayışı genişləndirilir. Eyni zamanda, Hüquqi məsələlər komitəsinin iclasında bildirilib ki, layihədə qrantın nə hesab olunduğu ilə bağlı hissəyə əlavə ediləcək müddəaya əsasən, məhdudiyyətlər miqrantların göndərdiyi pul köçürmələrinə şamil olunmayacaq.
Qanunda nəzərdə tutulan ümumi qaydaya görə, qrant verilərkən, qrant üzrə razılığın alınması üçün hökumətə müraciət etmək öhdəliyi qrantı verən subyektin üzərinə düşür.
Plenar iclasda çoxluq dövlət qurumları ilə bağlı istisnanın tətbiqini təklif edib. Təklifə əsasən, dövlət qurumlarına verilən qrantlar zamanı hökumətdən icazə alınması üçün müraciəti qrant verən deyil, qrant alan tərəf etməlidir. Bu təşəbbüs layihənin müəllifləri tərəfindən qəbul edilib.
Layihəyə əsasən, qanunda göstərilən subyekt tərəfindən pul və ya natura formasında verilən və ya verilə biləcək vəsaitlər, əgər onlar Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı hissəsinə təsir göstərmək məqsədilə həyata keçirilən və ya keçirilə biləcək, ölkənin daxili və ya xarici siyasətinin formalaşdırılması, həyata keçirilməsi və ya dəyişdirilməsinə yönəlmiş fəaliyyətlərə xidmət edirsə, qrant hesab olunacaq. Eyni zamanda, xarici dövlətlərin və ya xarici siyasi partiyaların siyasi və ya ictimai maraqlarından irəli gələn fəaliyyətlərə yönəlmiş vəsaitlər də qrant kimi qiymətləndiriləcək.
Qrant alan subyekt kimi, fəaliyyəti əsasən Gürcüstanla bağlı məsələlər üzrə aktivliyi əhatə edən digər dövlətin hüquqi şəxsi də nəzərdə tutulur. Xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslər qrant almadan əvvəl Gürcüstan hökumətindən müvafiq razılıq almalı olacaqlar. Gürcüstanda filialı, nümayəndəliyi və ya bölməsi olan xarici hüquqi şəxs razılıq olmadan qrant qəbul edərsə, məsuliyyət yaranacaq.
Layihəyə əsasən, qanun qüvvəyə minənədək qrant almış şəxslərə hökumətə müraciət etmək üçün 1 aylıq müddət veriləcək. Hökumət də öz növbəsində 1 ay ərzində razılıq və ya imtina ilə bağlı qərar verməlidir.
İkinci oxunuş çərçivəsində Cinayət Məcəlləsinə edilən dəyişiklik layihəsinə də əlavə edilib. Yeni müddəaya əsasən, konstitusion quruluşun və ya konstitusion orqanların tanınmaması motivi ilə törədilən cinayət cəzanın təyin olunması zamanı ağırlaşdırıcı hal hesab ediləcək. Bu halda azadlıqdan məhrumetmə cəzası təyin edilərkən, çəkiləcək cəza müddəti müvafiq maddədə nəzərdə tutulan minimum müddətdən azı 1 il artıq olmalıdır.
Eyni zamanda, Cinayət Məcəlləsinə yeni 316-cı prim maddə – “Konstitusion quruluşa qarşı ekstremizm” maddəsi əlavə olunur.
Bu maddə aşağıdakı hallarda cinayət məsuliyyəti nəzərdə tutur: Gürcüstan vətəndaşı və ya ölkədə statusu olan vətəndaşlığı olmayan şəxs tərəfindən Gürcüstan qanunvericiliyinin kütləvi şəkildə pozulmasına, hakimiyyət orqanlarına kütləvi itaətsizliyə, alternativ hakimiyyət orqanlarının yaradılmasına sistemli və açıq çağırışlar edilməsi, özünü və ya başqasını Gürcüstan hakimiyyətinin nümayəndəsi kimi özbaşına, açıq və sistemli şəkildə təqdim etməsi, yaxud konstitusion quruluşun və ya konstitusion orqanların qeyri-legitimliyi barədə təsəvvür formalaşdırmağa yönəlmiş və Gürcüstanın maraqlarına zərər vuran və ya real təhlükə yaradan digər sistemli hərəkətlər.
Belə əməllər 400-dən 600 saatadək ictimai işlər, cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hüquqi şəxslər isə cərimə və ya ləğv və cərimə ilə cəzalandırıla bilər.
İkinci oxunuşda layihəyə edilən digər dəyişikliklərə əsasən, siyasi fəaliyyətə görə ilk dəfə cərimələnmiş sahibkar hüquqi şəxs həmin əməli təkrar törədərsə, cinayət məsuliyyəti daşıyacaq. Cinayət məsuliyyəti həm hüquqi şəxsə, həm də pozuntuya görə məsuliyyət daşıyan müvafiq fiziki şəxsə şamil ediləcək.
Bundan əlavə, konstitusion quruluşun və ya konstitusion orqanların tanınmaması motivi ilə törədilən hər hansı inzibati xəta inzibati məsuliyyəti ağırlaşdıran hal hesab olunacaq.
Qanunvericilik paketi “Gürcü Arzusu” fraksiyası tərəfindən hazırlanıb. Dəyişikliklər “Qrantlar haqqında” qanuna, Cinayət Məcəlləsinə, İnzibati Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna və “Dövlət Audit Xidməti haqqında” qanuna şamil olunur.


