İrakli Kirtsxalia “Qaxaria Gürcüstan üçün” fraksiyasına: Ailə dəyərləri haqqında qanunun müzakirəsindən qaçırdınız, bu gün isə ailə dəyərlərindən danışırsınız
Parlament çoxluğunun lideri İrakli Kirtsxalia “Qaxaria Gürcüstan üçün” fraksiyasının üzvlərini ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında qanunun müzakirəsindən yayınmaqda ittiham edib.
Kirtsxalianın sözlərinə görə, sözügedən qanun layihəsi parlamentdə müzakirə olunarkən fraksiya üzvləri iclas zalını tərk ediblər və mövzu ilə bağlı mövqe bildirməkdən çəkiniblər.
“Səmimi şəkildə ‘Qaxaria Gürcüstan üçün’ fraksiyasının üzvlərinə müraciət edirəm. Məndə belə təəssürat yaranır ki, siz bu gün baş nazirin çıxışını ümumiyyətlə dinləməmisiniz. Ailə dəyərlərindən danışırsınız, yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında qanunla bağlı suallar verirsiniz, halbuki bu qanun müzakirə olunarkən siz sözün əsl mənasında zaldan qaçdınız. Nə təsdiq etdiniz, nə də inkar etdiniz – sadəcə zalda olmadınız.
Siz həmin vaxt qaçdınız, çünki sizə belə tapşırıq verilmişdi – bu mövzuya və polemikaya qoşulmayın deyə. Bu gün isə çıxıb guya demoqrafiya və ailə dəyərləri sizi narahat edir. Ailə dəyərləri haqqında qanunun müzakirəsindən qaçırdınız, indi isə ailə dəyərlərindən danışırsınız. Bu sizin simanızdır, bu sizə verilən tapşırıqlardır. Mən buna başqa ad tapa bilmirəm”, – deyə İrakli Kirtsxalia bildirib.


