18 
Fev
2026
15:23
253

İrakli Kadaqişvili: Gürcüstandan Rusiya qoşunlarının çıxarılması məsələsi Avropa tərəfindən real şəkildə qaldırılsa, bunu yalnız alqışlayarıq

"Gürcüstandan Rusiya qoşunlarının çıxarılması, yəni de-okkupasiya məsələsi Avropa tərəfindən real və praktik şəkildə gündəmə gətirilərsə, bu təşəbbüs yalnız alqışlana bilər."

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun deputatı İrakli Kadaqişvili bildirib.

Onun sözlərinə görə, Ukraynada müharibənin başa çatdırılması ilə bağlı aylardır davam edən danışıqlarda ABŞ, Rusiya və Ukrayna iştirak edir, lakin Avropa İttifaqı danışıqlar masasında təmsil olunmur. Kadagişvili qeyd edib ki, Avropa İttifaqının həmin masada yer almaq istəyi var, lakin bunun baş tutub-tutmayacağı məlum deyil.

Deputat vurğulayıb ki, Gürcüstanın ərazisindən Rusiya qoşunlarının çıxarılması məsələsi Avropa tərəfindən konkret və işgüzar formada irəli sürülərsə, bu, müsbət qarşılanacaq. Onun sözlərinə görə, Avropa İttifaqı çərçivəsində hələ də Rusiyanın 2008-ci ildəki hərəkətlərinin rəsmi sənədlərdə açıq şəkildə “aqressiya” və “ölkənin işğalı” kimi adlandırılması ilə bağlı çətinliklər mövcuddur.

“Əgər bu istiqamətdə real addımlar atılacaqsa və məqsəd eskalasiya deyil, konkret nəticə əldə etməkdirsə, əlbəttə ki, bu, alqışlanandır”, – deyə Kadagişvili bildirib.

Kaya Kallasın bəyanatı ilə bağlı suala cavab verən deputat qeyd edib ki, Gürcüstana qarşı əsassız hücumlar edənlər tənqid hədəfinə çevrilirlər.

“Biz kimisə təhqir etmirik. Gürcüstana qarşı əsassız hücumlar edənlər tənqid olunur. Biz isə bu əsassız hücumları dəf edirik”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Radio Azadlıq”ın məlumatına görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas üzv dövlətlər arasında sənəd yayıb. Həmin sənəddə Rusiyanın Ukrayna ilə ABŞ-ın vasitəçiliyi ilə aparılan diplomatik danışıqlarda getməli olduğu güzəştlər sadalanır.

Tələblər arasında Rusiya qoşunlarının sayının azaldılması və onların qonşu ölkələrdən çıxarılması, reparasiyaların ödənilməsi və cəmiyyətin demokratikləşdirilməsi yer alır. Sənəddə, həmçinin Belarusda nüvə silahının olmaması və Rusiyanın Belarus, Ukrayna, Moldova, Gürcüstan və Ermənistanda hərbi mövcudluğunun qadağan edilməsi məsələsi də qeyd olunur.

Məlumata görə, Rusiya qoşunları onilliklərdir Moskvanın nəzarətində olan separatçı bölgələrdə – Abxaziya, Cənubi Osetiya və Dnestryanı regionda, eləcə də Ermənistanda və Belarusda yerləşdirilib.

Bizimlə əlaqə saxlayın