16 
Fev
2026
15:46
170

Kobaxidze: Rusiya ilə diplomatik münasibətlərin və dəmir yolu əlaqəsinin bərpası ilə bağlı hər hansı kommunikasiya olmayıb

"Bu məsələlərlə bağlı heç bir kommunikasiya aparılmayıb."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya ilə diplomatik münasibətlərin bərpası və iki ölkə arasında dəmir yolu əlaqəsinin mümkün yenidən açılması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Kobaxidze qeyd edib ki, bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə ictimaiyyətə məlumatı hökumət özü təqdim edəcək.

“Bu məsələ ilə bağlı heç bir kommunikasiya olmayıb, bunu deyə bilərəm. Əgər bu istiqamətdə hər hansı yenilik olarsa, müvafiq məlumatı ictimaiyyətə özümüz təqdim edəcəyik”, – deyə Kobaxidze bildirib.

O, eyni zamanda, Rusiyada İsveçrə səfirliyi nəzdində fəaliyyət göstərən Gürcüstan maraqları bölməsinin rəhbəri vəzifəsinə Aleksandre Tsuladzenin təyin olunmasına da toxunub. Baş nazir bildirib ki, bölmə mövcud reallığa uyğun fəaliyyət göstərəcək – Gürcüstanın Rusiya ilə ticarət-iqtisadi münasibətləri var, lakin diplomatik münasibətləri yoxdur.

“Aleksandre Tsuladze təcrübəli şəxsdir, təhsil naziri olub və müvafiq qərar qəbul etdik. Bildiyiniz kimi, səfir və ya səfirə bərabər tutulan şəxsin təyin olunması həm siyasi, həm də qeyri-siyasi qaydada mümkündür. Bizim Rusiya ilə ticarət-iqtisadi münasibətlərimiz var, lakin diplomatik münasibətlərimiz yoxdur – Rusiya Federasiyasında bölmə də məhz bu reallığa uyğun fəaliyyət göstərəcək”, – deyə Kobaxidze qeyd edib.

Qeyd edək ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Abxaziya ərazisindən keçməklə Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpasının nəzərdən keçirildiyini bildirib. Digər tərəfdən, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Gürcüstanla qarşılıqlı faydalı münasibətlərin inkişafında maraqlı olduqlarını bəyan edib.

Bizimlə əlaqə saxlayın