Kobaxidze: Avrointeqrasiya konstitusion məqsəddir, kursun dəyişdirilməsindən söhbət getmir
"Hakimiyyət ölkənin xarici kursunun dəyişdirilməsi imkanını müzakirə etmir və avrointeqrasiya Gürcüstanın Konstitusiyasında təsbit olunmuş məqsəddir."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, cəmiyyətdə Avropa İttifaqına üzvlüklə bağlı yanlış gözləntilər formalaşdırılır və insanlara “Aİ üzvü olsaq, sabah Brüsseldə və ya Berlində oyanacağıq” kimi fikirlər təlqin olunur.
“Biz hakimiyyət olaraq kursun dəyişdirilməsindən danışmırıq. Konstitusiyada avrointeqrasiya Gürcüstanın məqsədi kimi təsbit edilib və bu, məhz bizim hakimiyyət dövründə edilib. Bununla yanaşı, müxtəlif mövzular üzrə müsbət və mənfi tərəflərin müzakirəsi mümkündür, xüsusilə də aparılan saxta kampaniyalar fonunda. İnsanlara yalan vədlər verilir”, – deyə Kobaxidze qeyd edib.
O, həmçinin Gürcüstan iqtisadiyyatının artım tempinin bir sıra Aİ-yə üzv ölkələrlə müqayisədə daha yüksək olduğunu bildirib. Kobaxidzenin sözlərinə görə, Estoniya, Latviya, Litva və Polşanın Aİ-yə qoşulduqdan sonrakı iqtisadi artımı ilə Gürcüstanın 2003-cü ildən bəri iqtisadi göstəriciləri müqayisə edildikdə, Gürcüstanda artım daha yüksək olub.
Baş nazir vurğulayıb ki, televiziya debatlarının məqsədi Konstitusiyada təsbit olunmuş kursa yenidən baxmaq deyil, iqtisadi baxımdan avrointeqrasiyanın üstünlükləri və riskləri barədə real müzakirə aparmaqdır.
“Cəmiyyət dəqiq bilməlidir ki, avrointeqrasiya iqtisadi baxımdan hansı nəticələrə gətirib çıxarır, hansı üstünlüklər və hansı çətinliklər mövcuddur. Emosiyalara əsaslanan manipulyasiyalar yolverilməzdir”, – deyə Kobaxidze bildirib.


