Parlament siyasi fəaliyyətə görə sahibkarlar üçün cəzanı sərtləşdirir
Siyasi fəaliyyətə görə ilk dəfə cərimələnmiş sahibkar hüquqi şəxs eyni pozuntunu təkrar etdiyi halda cinayət məsuliyyətinə cəlb olunacaq. Cinayət məsuliyyəti həm hüquqi şəxsə, həm də pozuntuya görə məsul olan müvafiq fiziki şəxsə şamil ediləcək.
InterPress.ge xəbər verir ki, bu barədə dəyişiklikləri Parlamentin Hüquqi məsələlər komitəsinin sədri Arçil Qorduladze komitə iclasında qanunvericilik paketinin ikinci oxunuşu zamanı təqdim edib.
Məlum olduğu kimi, sahibkar hüquqi şəxsin siyasi fəaliyyəti qadağan olunmuş fəaliyyət kimi müəyyən edilir. Layihənin ilkin variantında sahibkar subyekt üçün inzibati qaydada cərimə nəzərdə tutulurdu – ilk halda 20 000 lari, təkrar pozuntu zamanı isə 40 000 lari məbləğində.
Dəyişdirilmiş variantda isə təkrar hal baş verdikdə cinayət məsuliyyəti nəzərdə tutulur. Belə ki, məsuliyyət cinayət xarakterli cərimə, 120-dən 200 saata qədər ictimai işlər və ya 3 ilədək azadlıqdan məhrumetmə şəklində müəyyən edilir. Pozuntu bir neçə dəfə təkrarlandıqda isə 4 ilədək azadlıqdan məhrumetmə, cərimə və ya 300 saata qədər ictimai iş tətbiq oluna bilər.
Bu əməllərə görə sahibkar hüquqi şəxs cinayət xarakterli cərimə və ya ləğv edilmə və əlavə cərimə ilə cəzalandırıla bilər.
Arçil Qorduladze komitə iclasında bir daha vurğulayıb ki, siyasətlə siyasi partiyalar məşğul olmalı, sahibkar subyektlər isə sahibkarlıq və biznes fəaliyyəti ilə məşğul olmalıdırlar.


