16 
Fev
2026
15:29
197

Baço Axalaya: "Bir sübut gətirsinlər, etiraf edəcəyəm"

Tbilisi Şəhər Məhkəməsində 4 oktyabr hadisələri ilə bağlı ittiham olunan Gürcüstanın sabiq müdafiə naziri Baço Axalayanın işi üzrə məhkəməyəqədərki iclas keçirilir.

InterPress.ge xəbər verir ki, iclasa təqsirləndirilən şəxs Baço Axalaya da qatılıb. İşə hakim Levan Gelovani baxır.

Məhkəmə prosesində ittiham tərəfi iclasın qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Prokuror Roin Xintibidzenin sözlərinə görə, buna səbəb iş üzrə toplanmış sübutlar, eləcə də işdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirak etməsi və onların ad-soyadlarının ictimaiyyətə açıqlanmamasının zəruriliyidir.

Müdafiə tərəfi isə prosesin qapadılmasına etiraz edir. Vəkil Malkhaz Velicanashvilinin sözlərinə görə, ittiham tərəfi ictimaiyyətin 4 oktyabr işi üzrə Baço Axalayaya qarşı sübutların olmadığını görməsini istəmir. O bildirib ki, bugünkü iclasda həbs-qətimkan tədbirinin ləğvi ilə bağlı vəsatət qaldıracaq.

Baço Axalaya məhkəmədə çıxışı zamanı prosesin açıq keçirilməsini tələb edib:

“Prosesi açın, niyə bağlamalısınız? Lənət olsun, Baçonu bu ölkədə çoxları sevmir, qoy görsünlər nə baş verir. Bir sübut gətirsinlər, ortaya qoysunlar və mən burada əllərimi qaldırıb etiraf edəcəyəm”, – deyə o, hakimə müraciət edib.

Baço Axalaya həmçinin bildirib ki, guya onunla Paata Burçuladze arasında danışığı əks etdirən səs yazısı saxtadır. O, mövcud hakimiyyətlə bağlı sərt açıqlamalar verib və Bidzina İvanişvilinin devrilməli olduğunu bəyan edib.

Qeyd edək ki, Baço Axalayaya qarşı Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsi (qrup halında zorakılığın təşkili və rəhbərliyi) ilə ittiham irəli sürülüb. Bu maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın