16 
Fev
2026
13:52
206

Qaxaria Gürcüstan üçün: Hakimiyyət vətəndaş fəallığını hökumətin icazəsinə tabe etdirmək istəyir

“Qaxaria Gürcüstan üçün” partiyasının deputatı Qiqа Parulava “Qrantlar haqqında” qanuna təklif edilən dəyişiklikləri tənqid edib.

InterPress.ge-nin məlumatına görə, o, bildirib ki, hakim komanda istənilən vətəndaş fəallığını hökumətin icazəsinə tabe etdirməyə çalışır.

Deputatın sözlərinə görə, təqdim olunan qanun layihəsi şəffaflığa xidmət etmir və tamam başqa məqsədlərlə irəli sürülüb.

“Şəffaflığa qarşı heç bir etirazımız yoxdur. Lakin bu qanun layihəsi şəffaflığa xidmət etmir. Dəyişikliklər Konstitusiyaya ziddir və vətəndaşların ifadə azadlığını məhdudlaşdırır. ‘Qrant’ anlayışının məqsədli və süni şəkildə genişləndirilməsi bir tərəfdən qrantların kriminalizasiyasına səbəb olur, digər tərəfdən isə qrantın alınmasını hökumətin icazəsindən asılı vəziyyətə salır. Qrantın qəbulu cinayət kimi qiymətləndirilə bilər və bu halda istənilən sıravi vətəndaş cinayət məsuliyyətinə cəlb oluna bilər”, – deyə Parulava bildirib.

O əlavə edib ki, hakimiyyət konstitusion orqanların legitimliyinin tanınmaması ilə bağlı dəyişikliklərlə öz qorxularını qanuniləşdirməyə çalışır.

“Onlar faktiki olaraq istənilən vətəndaş fəallığını hökumətin icazəsinə tabe etdirmək və ‘tanıma–tanımama’ məsələsindəki komplekslərini cinayət elan etmək istəyirlər. Təəssüf ki, son bir ildə bu tip repressiv qanunlar artıq vətəndaşları təəccübləndirmir”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, parlamentin Hüquqi məsələlər komitəsi 16 fevral tarixli iclasında qrantlar, siyasi fəaliyyət və siyasi aktivliklə bağlı qanunvericilik paketini müzakirə edir. Söhbət 7 qanuna dəyişiklikdən gedir. Dəyişikliklər “Qrantlar haqqında” qanun, Cinayət Məcəlləsi, İnzibati Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi, “Vətəndaşların siyasi birlikləri haqqında” qanun və “Dövlət Audit Xidməti haqqında” qanuna şamil olunur.

Təklif olunan dəyişikliklərə əsasən, “qrant” anlayışı genişləndirilir və Gürcüstanın daxili və ya xarici siyasətinə təsir göstərmək məqsədi daşıyan fəaliyyətə yönəldilən istənilən maliyyə və ya natura dəstəyi qrant hesab olunacaq. Belə qrantların qəbulu yalnız Gürcüstan hökumətinin əvvəlcədən icazəsi ilə mümkün olacaq.

Bizimlə əlaqə saxlayın