Cinayət Məcəlləsinə “Konstitusiya quruluşuna qarşı ekstremizm” adlı yeni maddə əlavə edilir
Gürcüstanın Cinayət Məcəlləsinə 316-cı prima maddə əlavə olunur. Yeni maddə “Konstitusiya quruluşuna qarşı ekstremizm” adlanacaq.
InterPress.ge xəbər verir ki, qanun layihəsinə əsasən, Gürcüstan vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs tərəfindən qanunvericiliyin kütləvi şəkildə pozulmasına, dövlət hakimiyyəti orqanlarına kütləvi itaətsizliyə və ya alternativ orqanların yaradılmasına sistemli və açıq çağırış edilməsi cinayət məsuliyyəti yaradacaq.
Eyni zamanda, şəxsin özünü və ya başqasını özbaşına şəkildə Gürcüstan hakimiyyətinin nümayəndəsi kimi təqdim etməsi, yaxud konstitusiya quruluşunun və konstitusion orqanların qeyri-legitim olması barədə təsəvvür formalaşdırmağa yönəlmiş və Gürcüstanın maraqlarına zərər vuran və ya real zərər təhlükəsi yaradan digər sistemli hərəkətləri də məsuliyyətə səbəb olacaq.
Belə əməllərə görə cərimə, 400-dən 600 saata qədər ictimai işlər və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hüquqi şəxsə münasibətdə isə cərimə və ya ləğv edilmə ilə yanaşı cərimə tətbiq edilə bilər.
Bundan əlavə, konstitusiya quruluşuna və konstitusion orqanlara qarşı motivlə törədilmiş cinayət ağırlaşdırıcı hal hesab ediləcək. Bu halda azadlıqdan məhrumetmə təyin edilərsə, cəzanın faktiki müddəti törədilmiş cinayət üçün nəzərdə tutulan minimum həddən azı bir il artıq olmalıdır.
Dəyişikliklər parlamentə təqdim edilmiş qanunvericilik paketinin tərkib hissəsidir və hazırda Hüquq məsələləri komitəsində maddə-maddə ikinci oxunuşda müzakirə olunur.
Komitə sədri Arçil Qorduladze bildirib ki, məsələ ilk oxunuş zamanı qaldırılıb və müzakirələrdə Almaniya təcrübəsi nümunə kimi göstərilib.
“Bu, ekstremizmlə bağlı məsələdir. İlk oxunuş zamanı Almaniya nümunəsi gətirildi. Orada konstitusion orqanları və konstitusiya quruluşunu tanımayan şəxslərin birliyi 20 min nəfəri əhatə edirdi. Onlar başqalarını da qanunlara və konstitusion orqanlara tabe olmamağa çağırırdılar ki, bu da konstitusiya quruluşu üçün təhlükə yaradırdı. Nəticədə konkret təşkilatın fəaliyyətinin dayandırılması məsələsi qaldırıldı, özünü kral kimi təqdim edən rəhbər barəsində isə cinayət məsuliyyəti tətbiq olundu”, – deyə Qorduladze qeyd edib.
Onun sözlərinə görə, performans xarakterli hərəkətlər cinayət hesab edilməyəcək və söz azadlığı ilə cinayət əməli arasında sərhəd müəyyən ediləcək.


