İlia Dövlət Universiteti qarşısında etiraz aksiyası keçirilir
Etiraz yürüşünün iştirakçıları İlia Dövlət Universitetinin “A” korpusunun qarşısına gediblər.
InterPress.ge xəbər verir ki, aksiya iştirakçılarını ərazidə digər etirazçılarla birlikdə universitetin rektoru Nino Doborcginidze qarşılayıb.
Nümayişçilər “Universitet muxtardır”, “Hökumət bilik nədir, haradan bilsin?” yazılı plakatlar qaldırıblar.
Aksiya zamanı “Təhsil uğrunda sona qədər”, “Universitetlərə muxtariyyət” şüarları səsləndirilib. Yürüş boyunca avtomobillərdən siqnallarla etirazçılara dəstək göstərilib.
Nümayişçilər Təhsil Nazirliyinin dövlət universitetlərində qəbul kvotalarının bölgüsü ilə bağlı qəbul etdiyi qərarlara etiraz edirlər.
Bundan əvvəl etiraz aksiyası Dedaena bağında keçirilib. Orada tələbələr və müəllimlər çıxış ediblər. Aksiyanın təşkilatçıları bildiriblər ki, növbəti etiraz 16 fevral tarixində Təhsil Nazirliyinin qarşısında keçiriləcək və iştirakçılar saat 14:00-da toplaşacaqlar.
Məlumat üçün qeyd edək ki, təhsil naziri hansı dövlət universitetinin hansı fakültələr üzrə qəbul elan edəcəyini açıqlayıb və kvotalar müəyyənləşdirilib.
Belə ki, 2026-2027-ci tədris ili üçün Tbilisi Dövlət Universitetində ümumilikdə 6650 tələbənin qəbulu nəzərdə tutulub. Gürcüstan Texniki Universitetində 3880 yer ayrılıb. İlia Dövlət Universitetində isə mövcud proqramlar üzrə cəmi 300 tələbənin qəbulu mümkün olacaq.
Tbilisi Dövlət Universitetində qəbul dəqiq və təbiət elmləri, humanitar elmlər (pedaqogika istisna olmaqla), hüquq, iqtisadiyyat və biznes idarəçiliyi, sosial və siyasi elmlər üzrə aparılacaq. Gürcüstan Texniki Universitetində mühəndis-texniki ixtisaslar üzrə qəbul elan ediləcək. Tbilisi Dövlət Tibb Universitetində – tibb ixtisasları üzrə, İlia Dövlət Universitetində – pedaqogika proqramları və ABET akkreditasiyalı STEM ixtisasları üzrə qəbul həyata keçiriləcək.
Suxumi Dövlət Universitetində aqrar ixtisaslar, gürcü-abxaz dili və ədəbiyyatı, həmçinin pedaqogika üzrə qəbul aparılacaq. İncəsənət və İdman universitetləri müvafiq ixtisaslar üzrə tələbə qəbul edəcək. Batumi və Kutaisi universitetləri çoxprofilli fəaliyyətini qoruyacaq.
Zuqdid, Qori, Axaltsixe və Telavi universitetlərində əsas diqqət aqrar ixtisaslara, turizm və pedaqogika istiqamətlərinə yönəldiləcək. Hökumətin təsdiqlədiyi qərara əsasən, aqrar istiqamət hələlik Gürcüstan Texniki Universitetində qalır və qəbul bu universitetin adı ilə elan olunacaq.


