Azyaşlılara qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində, 14 yaşına çatmayan iki qıza qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan 1994-cü il təvəllüdlü S.Ç. saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs sosial şəbəkələrdən biri vasitəsilə 2015 və 2017-ci il təvəllüdlü azyaşlı qızlarla əlaqə yaradaraq onlara intim xarakterli mesajlar göndərib.
DİN-in rəsmi bəyanatında qeyd olunur:
"Ünsiyyət zamanı təqsirləndirilən şəxs azyaşlılara öz fotosu ilə yanaşı intim xarakterli video göndərib, qarşı tərəfdən isə cavab olaraq analoji məzmunlu foto və video materiallar tələb edib."
Polis əməkdaşları tərəfindən hadisədən qısa müddət sonra cinayəti törədən şəxsin şəxsiyyəti müəyyən edilərək saxlanılıb. Maddi sübut qismində saxlanılan şəxsin mobil telefonu müsadirə olunub. Müəyyən edilib ki, o, azyaşlılarla məhz bu cihaz vasitəsilə ünsiyyət qurub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 141-ci maddəsinin 2-ci hissəsi (azyaşlıya qarşı əxlaqsız hərəkət) ilə araşdırma aparılır. Bu maddə üzrə təqsirləndirilən şəxsi 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


