„Milmart“ nümayəndəsi: Şəbəkələrdəki problemlər səbəbindən son 4 aydır məhsul tədarükünü dayandırmışıq, son iki ildə isə ixraca daha çox yönəlmişik
Gürcüstan parlamentində qiymətlərin formalaşmasını araşdıran müvəqqəti komissiyanın iclasında “Milmart” MMC-nin nümayəndəsi, “Şemokmedi” çay brendinin istehsalçısı Giorgi Maisuradze şirkətin üzləşdiyi problemlərdən danışıb.
InterPress.gr xəbəf verir ki, onun sözlərinə görə, illər keçdikcə problemlər artıb və şirkət son iki ildə daha çox ixraca yönəlməyə məcbur qalıb.
“Market şəbəkələri ilə əməkdaşlığa 2011-ci ildən, şirkət yaradıldığı vaxtdan başlamışıq və ilkin dövrdə əməkdaşlıq kifayət qədər yaxşı idi. Lakin zaman keçdikcə sadalanan problemlər tədricən artdı. Buna görə də son iki ildə daha çox ixraca yönəlməyə məcbur olduq ki, bu da çox təəssüfedicidir. Halbuki, istehlakçı tərəfdən kifayət qədər tələbat var. Son 4 aydır ki, bu problemlərə görə şəbəkələrə məhsul tədarükünü dayandırmışıq”, – deyə Maisuradze bildirib.
O qeyd edib ki, aksiya dövrlərində endirimlərlə bağlı əlavə ödənişlər sahibkarın üzərinə düşür. Ən yaxşı halda satılan məhsulun ödənişi gecikdirilir, ən pis halda isə vəsait dondurulur. Onun sözlərinə görə, böyük məbləğlər dondurulmuş vəziyyətdə qalır və bu səbəbdən şirkət kredit götürməyə məcbur olur.
Maisuradze bildirib ki, idxal olunan çay məhsulları bazarda geniş şəkildə təmsil olunur və ciddi rəqabət yaradır. Onun sözlərinə görə, yerli məhsulların tanınma səviyyəsinin aşağı olması da əlavə çətinlik yaradır.
“Çayımız əsasən Almaniya, Çexiya, Şərqi Avropa ölkələri, Ukrayna və Rusiyaya ixrac olunur. Satış qiymətimiz həm daxili bazarda, həm də ixracda eynidir. Təxminən 20 adda məhsul istehsal edirik. Yerli bazara isə 8-9 növ çıxara bilirik”, – deyə o qeyd edib.
Şirkət nümayəndəsinin sözlərinə görə, məhsulun maya dəyərinin 10-12 faizini enerji daşıyıcıları təşkil edir və istehsal tamamilə elektrik enerjisindən asılıdır. O vurğulayıb ki, idxal olunan məhsullar bazara daha aşağı qiymətlərlə daxil olur, halbuki yerli çayın maya dəyəri bir sıra amillərə görə yüksəkdir və xammalın qiyməti ildən-ilə artır.
Maisuradze bildirib ki, idxal məhsulları əsasən tanınma səviyyəsinin yüksək olması səbəbindən yerli istehsala daha çox rəqabət yaradır.
“Premium seqmenti götürsək, qiymətlərimiz kifayət qədər rəqabətqabiliyyətlidir. Gürcü çayı rentabelli məhsuldur. Əhalidə yerli məhsullara qarşı tanınma artsa, bu istiqamətdə dövlət də mühüm rol oynaya bilər və düşünürəm ki, qiymətlər də tənzimlənər”, – deyə Giorgi Maisuradze əlavə edib.


