13 
Fev
2026
14:32
229

BBC "Gürcü Arzusu"nun şikayətinə cavab verdi

BBC “Gürcü Arzusu”nun şikayətinə cavab verib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Formula” telekanalı yayıb.

Telekanalın məlumatına görə, BBC-nin sözçüsü bildirib ki, onlar “When Water Burns: The Battle for Georgia” (“Su yandıranda: Gürcüstan uğrunda mübarizə”) adlı sənədli filmdə təqdim olunan jurnalist araşdırmasını dəstəkləyirlər.

“Şikayətlərin araşdırılması üzrə müəyyən edilmiş prosedura uyğun olaraq təsdiq edirik ki, iddiaçıya sualları ilə bağlı artıq cavab vermişik. Biz BBC Eye tərəfindən hazırlanmış ‘When Water Burns: The Battle for Georgia’ sənədli filmində təqdim olunan jurnalistikanı və Tbilisidə davam edən etirazlara Gürcüstan hakimiyyətinin reaksiyası ilə bağlı müstəqil araşdırma jurnalistikasını dəstəkləyirik”, – deyə BBC-nin sözçüsü bildirib.

Məlumata görə, şikayət BBC-nin dərc etdiyi məqalə və sənədli filmlə bağlıdır. Həmin materialda iddia olunur ki, 2024-cü ildə Gürcüstan hakimiyyəti hökumət əleyhinə keçirilən etiraz aksiyalarını dağıtmaq üçün Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddədən istifadə edib.

BBC yazır ki, Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasına etiraz edən nümayişçilər göz yanması, nəfəs darlığı, öskürək və həftələrlə davam edən qusma kimi simptomlardan şikayət ediblər. Bildirilir ki, World Service kimyəvi silah üzrə ekspertlərlə, Gürcüstan xüsusi təyinatlı qüvvələrinin nümayəndələri və həkimlərlə danışıb və “sübutların Fransa hərbçilərinin ‘kamit’ adlandırdığı maddənin istifadəsinə işarə etdiyini” müəyyən edib.

Xatırladaq ki, “Gürcü Arzusu” 15 yanvar tarixində keçirilən brifinqdə məsələ ilə bağlı mediaya rəsmi şikayət ünvanladıqlarını açıqlamışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər