Şota Berekaşvili: Qiymət zəncirində yuxarı mövqedə olan tərəf daha imtiyazlıdır, bu isə inflyasiya təzyiqi yaradır
Gürcüstan parlamentinin ərzaq məhsulları, dərman vasitələri və yanacağın qiymət formalaşması strukturunu araşdıran müvəqqəti komissiyasının iclasında komissiya sədri Şota Berekaşvili yerli ət, süd məhsulları və yumurta istehsalçıları ilə müzakirələr nəticəsində müəyyən edilən əsas problemlər barədə danışıb.
Berekaşvilinin sözlərinə görə, dörd əsas problem üzə çıxıb: idxaldan asılılıq, ehtiyatların idarə olunması, əməliyyat xərcləri və qiymət zəncirində asimmetrik münasibətlər.
O bildirib ki, istehsal prosesində idxaldan asılılıq qiymətə ciddi təsir göstərir və bu istiqamətdə yanaşmaların müəyyənləşdirilməsi vacibdir. Ehtiyatların idarə olunmasında isə 5–6 faiz itki müşahidə olunur ki, bu da biznesin təxminən 5 faiz mənfəət marjası fonunda əhəmiyyətli problem hesab olunur.
Komissiya sədrinin sözlərinə görə, üçüncü problem əməliyyat xərcləridir – marketinq və satış xərcləri, o cümlədən “keşbek”, giriş haqları və digər ödənişlər.
Dördüncü və ən mühüm məsələ isə qiymət formalaşması zəncirində asimmetrik münasibətlərdir. “Qiymət zəncirində yuxarı mövqedə olan tərəf daha imtiyazlı və müqavilə münasibətlərində dominantdır. Bu isə ona qiymətin formalaşmasında üstün imkanlar yaradır. Nəticədə, bu asimmetrik münasibətlər inflyasiya təzyiqinə səbəb olur, xüsusilə ‘keşbek’ və digər alətlərin artımı ilə. Sonda bu, məhsulun vahid qiymətində əks olunur və ödənişi istehlakçı edir”, – deyə Şota Berekaşvili vurğulayıb.
Qeyd edək ki, komissiya üzvləri iclas çərçivəsində yerli istehsalçı şirkətlərin nümayəndələri ilə bazar strukturu, qiymət formalaşması zənciri və sektorun əməliyyat proseslərini müzakirə edirlər.


