Şalva Papuaşvili: Bu siyasətçilərin hərəkətləri siyasi baxımdan xəyanət kimi qiymətləndirilə bilər
"Təqsirləndirilən siyasətçilərin davranışları siyasi mənada xəyanət kimi dəyərləndirilə bilər."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili qondarma “sabotaj işi” ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, söhbət ölkəyə qarşı sanksiyalar, bəyanatlar və digər təzyiq mexanizmlərinin təşviq edilməsindən gedir. “Ölkənə qarşı mübarizə aparırsansa, bu ölkənin əleyhinə və düşmən siyasətinin daşıyıcısısan”, – deyə Papuaşvili qeyd edib.
Parlament sədri bildirib ki, həmin siyasətçilər artıq siyasi cəza alıblar və bu, seçkilərdə öz əksini tapıb. Cinayət-hüquqi prosesə isə ədalət mühakiməsinin qiymət verəcəyini vurğulayıb.
Papuaşvili əlavə edib ki, tarix boyu xarici qüvvələrdən istifadə edərək hakimiyyəti dəyişməyə çalışan şəxslər xəyanətkar kimi qiymətləndirilib və bu yanaşma dəyişməz olaraq qalır. Onun sözlərinə görə, sanksiyaların tətbiqi də Gürcüstan üçün müəyyən mənada “kim dostdur, kim deyil” sualına aydınlıq gətirib.
Qeyd edək ki, qondarma “sabotaj işi” üzrə Gürcüstan Baş Prokurorluğu Mixail Saakaşvili, Giorgi Vaşadze, Nika Qvaramia, Nika Melia, Zurab Girçi Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidze barəsində ittiham irəli sürüb.
Giorgi Vaşadze və Zurab Girçi Caparidzeyə Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci hissəsi və 319-cu maddəsi ilə – sabotaj və xarici dövlətin xeyrinə düşmən fəaliyyətinə yardım maddələri üzrə ittiham verilib. Bu maddələr 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Elene Xoştariaya 318-ci maddənin birinci hissəsi, 319-cu maddə və 321-prim maddənin birinci hissəsi ilə – sabotaj, bu cinayət üçün maddi resursların təmin edilməsi və xarici dövlətin xeyrinə fəaliyyətə yardım ittihamları irəli sürülüb.
Nika Qvaramia, Nika Melia, Mamuka Xazaradze və Badri Caparidzeyə isə Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci hissəsi – sabotaj maddəsi ilə ittiham təqdim olunub.
Mixail Saakaşviliyə qarşı ittiham isə Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə irəli sürülüb ki, bu da Gürcüstanın konstitusion quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışları nəzərdə tutur.
Məhkəmənin qərarı ilə Giorgi Vaşadze və Zurab Girçi Caparidzeyə 30 min lari, Mamuka Xazaradze və Badri Caparidzeyə isə 1 milyon lari məbləğində girov qətimkan tədbiri seçilib.


