09 
Fev
2026
15:07
139

Böyük Britaniya Baş nazirinin aparat rəhbəri istefa verib – səbəb Mandelsonun Epstein qalmaqalı fonunda ABŞ-a səfir təyinatı

Böyük Britaniyanın Baş naziri Kir Starmerin administrasiyasının rəhbəri Morgan McSweeney bazar günü vəzifəsindən istefa verib. O bildirib ki, Peter Mandelsonun ABŞ-a səfir təyin edilməsi təklifinə görə məsuliyyəti üzərinə götürür. Qeyd olunur ki, bu qərar Mandelsonun Jeffrey Epsteinlə tanınmış əlaqələri fonunda verilib və bu, Starmeri ciddi siyasi böhranla üz-üzə qoyub.

The Independent yazır ki, Mandelson qalmaqalından sonra baş məsləhətçinin istefası fonunda Starmer parlamentdə Leyborist Partiya üzvlərinin üsyanı riski ilə üzləşib və siyasi mövqeyini qorumağa çalışır.

Nəşrin məlumatına görə, ictimai narazılığa Starmerin Mandelsonu ABŞ-a səfir təyin etməsi səbəb olub. İddialara əsasən, Mandelsonun Epsteinlə əlaqələri maliyyəçinin yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlərə görə məhkum edildiyi dövrdə də davam edib.

Epstein materiallarında adı hallanan Mandelson əvvəllər də Böyük Britaniyanın ABŞ-dakı səfiri olub. O, 2025-ci il fevralın 10-da bu vəzifəyə təyin edilib, lakin həmin ilin sentyabrın 11-də Epstein qalmaqalının yenidən alovlanmasından sonra Starmer tərəfindən vəzifədən azad edilib.

Peter Mandelson Britaniya siyasətində uzun illər nüfuzlu fiqur kimi tanınıb. O, tez-tez Leyborist Partiyanın əsas strateqi adlandırılıb, Tony Blair və Gordon Brownun yaxın müttəfiqi olub. Müxtəlif dövrlərdə biznes və ticarət sahələrində yüksək vəzifələr tutub, iki dəfə Avropa Komissiyasının ticarət üzrə komissarı kimi fəaliyyət göstərib və Avropa İttifaqını qlobal ticarət danışıqlarında təmsil edib. O, həmçinin Lordlar Palatasının üzvü olub.

Bir neçə həftə əvvəl Mandelson müsahibəsində bildirib ki, gey olması səbəbilə Epsteinin şəxsi həyatının seksual tərəflərindən uzaq olub. Lakin Starmerin açıqlamasına görə, səfirlə bağlı qərarın dəyişdirilməsinə səbəb sonradan yayımlanan məlumatların Epsteinlə münasibətlərin “dərinliyini və xarakterini” əvvəl bilinəndən fərqli şəkildə ortaya qoymasıdır.

Bizimlə əlaqə saxlayın