07 
Fev
2026
10:02
155

ABŞ-ın Helsinki Komissiyası fevralın 11-də Gürcüstanda fərqli fikirlərin boğulması ilə bağlı brifinq keçirəcək

ABŞ-ın Helsinki Commission (ABŞ Konqresinin Helsinki Komissiyası) fevralın 11-də “Gürcü Arzusu”nun fərqli fikirlərin artan şəkildə boğulması mövzusunda brifinq keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı komissiyanın özü yayıb.

Açıqlamada qeyd olunur ki, 2024-cü ilin oktyabrından etibarən Gürcüstanın hakim partiyası olan “Gürcü Arzusu” ölkəni müstəqillik dövründən bəri insan hüquqları sahəsində ən ağır böhranla üz-üzə qoyub. Bildirilir ki, bu müddətdə dövlətin səlahiyyətlərini genişləndirən, fərqli fikirləri boğmağa və məhkəmə sisteminin müstəqilliyini zəiflətməyə yönəlmiş 20-dən çox yeni qanun qəbul edilib.

Komissiyanın bəyanatında vurğulanır ki, repressiyalar vətəndaş cəmiyyətini, jurnalistləri və siyasi müxalifəti eyni dərəcədə əhatə edib. Hakimiyyət nümayişçilərə hüquqi yardım göstərən təşkilatların bank hesablarını dondurub, jurnalistləri həbs edib, müxalifət nümayəndələrini isə hakimiyyətin legitimliyini tanımadıqlarına görə saxta məhkəmə proseslərinə cəlb edərək həbs cəzalarına məhkum edib. Qeyd olunur ki, dinc etirazlar artıq iri məbləğli cərimələr və uzunmüddətli həbs cəzaları ilə nəticələnir.

Bildirilib ki, brifinq çərçivəsində Gürcüstanda insan hüquqları vəziyyətinin pisləşməsi, “Gürcü Arzusu”nun fərqli fikirləri cəzalandırmaq və demoralizasiya etmək üçün istifadə etdiyi taktika, eləcə də ölkə üçün mümkün gələcək yol xəritəsi müzakirə olunacaq.

Xatırladaq ki, Helsinki Komissiyasında Gürcüstandakı vəziyyətlə bağlı brifinq yanvarın 28-də planlaşdırılmışdı, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.

Bizimlə əlaqə saxlayın