Təhsil naziri: TSU və GTU-nun birləşdirilməsi üzrə reorqanizasiya mərhələli və uzunmüddətli şəkildə müzakirə oluna bilər
Reorqanizasiya prosesinin başlanması və müvəqqəti idarəetmə orqanının yaradılması təklif edilib, lakin bu prosesin dərhal deyil, iki və ya iki il yarım ərzində mərhələli şəkildə müzakirə olunması nəzərdə tutulur.
InterPress.ge xəbər verir ki, bu barədə Təhsil, elm və gənclər naziri Givi Mikanadze Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin nümayəndələri ilə keçirilən görüşdən sonra bildirib.
Nazirin sözlərinə görə, hər iki universitetin nümayəndələri reorqanizasiyaya başlamazdan öncə bütün məsələlərin müzakirəsi üçün ayrıca işçi qrupunun yaradılmasını təklif ediblər.
Givi Mikanadzenin bildirdiyinə görə, bu, onun Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universiteti nümayəndələri ilə ilk görüşü olub və hər iki ali təhsil müəssisəsindən 20-şər nümayəndə iştirak edib. Nazir qeyd edib ki, tərəflər ali təhsil sisteminin ciddi çağırışlar qarşısında olduğu və islahatların qaçılmaz və zəruri olduğu məsələsində razılaşıblar.
Onun sözlərinə görə, parlament tərəfindən qəbul edilən və artıq qüvvəyə minmiş qanunvericilik dəyişiklikləri reorqanizasiya üçün hüquqi əsas yaradıb. Həmin dəyişikliklərə əsasən, reorqanizasiya dövründə nazir tərəfindən müvəqqəti rektor, müavinlər, kansler və müvəqqəti idarəetmə şurası təyin edilə bilər. Nazir bildirib ki, bu müvəqqəti şura hər iki universitetdən paritet əsasda – bərabər sayda nümayəndə ilə formalaşdırılmalıdır.
Mikanadzenin açıqlamasına görə, təklif ondan ibarət olub ki, reorqanizasiya prosesi tələskən şəkildə deyil, iki–iki il yarım müddətində aparılsın, bu müddət ərzində müvəqqəti idarəetmə orqanı bütün mövqeləri uzlaşdırsın və yalnız razılaşdırmadan sonra yekun qərar qəbul edilsin.
Nazir əlavə edib ki, universitet nümayəndələri bu mərhələdə reorqanizasiyanın başlanmasındansa, əvvəlcə bütün məsələləri əhatəli şəkildə müzakirə edəcək işçi qrupunun yaradılmasını daha məqsədəuyğun hesab ediblər.
Görüşün yekununda tərəflər dialoqun mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nazir bildirib ki, hər iki universitetin akademik ictimaiyyətindən təklif edilən modeli yenidən dəyərləndirməyi, onun islahatların məqsədlərinə uyğunluğunu təhlil etməyi xahiş edib. Eyni zamanda, nazirlik daxilində də səsləndirilən mövqelərin yenidən nəzərdən keçiriləcəyi və proseslə bağlı əlavə təkliflərin hazırlanacağı qeyd olunub.


