06 
Fev
2026
12:08
222

Son iki gün ərzində onlarla cinayətdə şübhəli bilinən şəxslər saxlanıldı - DİN-dən açıqlama

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının son iki gün ərzində ölkə miqyasında keçirdiyi polis və preventiv tədbirlər nəticəsində 31 ədəd qanunsuz odlu silah, döyüş sursatı və külli miqdarda müxtəlif növ narkotik maddə aşkarlanıb. Əməliyyatlar çərçivəsində ümumilikdə 39 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə nazir müavini Aleksandre Daraxvelidze bu gün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, müvafiq tədbirlər Tbilisi şəhərində və Gürcüstanın bütün regionlarında, məhkəmə qərarı əsasında həyata keçirilib. Saxlanılan şəxslərin üzərində, yaşayış evlərində, yardımçı tikililərdə və avtomobillərdə aparılan axtarışlar zamanı avtomatik və yarıavtomatik odlu silahlar, qumbaralar, daraqlar, yüzlərlə patron, həmçinin müxtəlif növ narkotik vasitələr maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı (qanunsuz silah-sursat), 260-cı (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 273-cü maddələri ilə istintaq aparılır. Həmin maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Nazir müavini bildirib ki, ötən ilin statistik göstəricilərinə əsasən, ölkədə qeydə alınan cinayətlərin açılma faizi 70%-ə çatıb ki, bu da indiyədək ən yüksək göstəricidir. Xüsusilə həyat və sağlamlıq əleyhinə cinayətlərin sayında azalma müşahidə olunur.

Aleksandre Daraxvelidzenin sözlərinə görə, Daxili İşlər Nazirliyinin əsas məqsədi vətəndaşlar üçün təhlükəsiz mühitin təmin edilməsidir və bu istiqamətdə preventiv polis tədbirləri gələcəkdə də intensiv şəkildə davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın