05 
Fev
2026
13:44
170

Sfero Invest" işi üzrə daha bir nəfər saxlanıldı - 29 milyon larilik dələduzluq iddiası

Tbilisi Prokurorluğunun dələduzluq cinayət işləri üzrə prosessual rəhbərlik idarəsi hüquqi şəxsin – “Sfero Holding”/“Sfero Invest” MMC nümayəndələrinin külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməsi faktı üzrə saxlanılan daha bir nəfərə ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Qurumun məlumatına görə, məhkəmənin qərarı əsasında fevralın 4-də Sofiko Petriyaşvili saxlanılıb.

İstintaqla müəyyən olunub ki, Qivi Tsuleiskiri “Sfero Holding” MMC-nin təsisçisi və 100 faiz pay sahibi olub. Şirkətdə çalışan və Tsuleiskiri ilə əməkdaşlıq edən şəxslər Qiorqi Murusidze və Sofiko Petriyaşvili olub. Fiziki şəxslərin külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Qivi Tsuleiskiri və Qiorqi Murusidze “Sfero Holding”in 100 faiz pay iştirakı ilə “Sfero Invest” adlı hüquqi şəxs təsis ediblər. Şirkətin direktoru kimi Qiorqi Murusidze rəsmiləşdirilsə də, müəssisəyə faktiki rəhbərliyi Qivi Tsuleiskiri və Qiorqi Murusidze birgə həyata keçiriblər. İstintaqa əsasən, cinayətkar qrup üzvləri arasında razılaşmaya uyğun olaraq, fiziki şəxslərlə danışıqlar aparılması, onların razı salınması və müqavilələrin bağlanması yolu ilə vəsaitlərin cəlb edilməsi prosesinə Sofiko Petriyaşvili də rəhbərlik edib.

İstintaq materiallarına görə, 2022-ci ilin fevralından 2025-ci ilin oktyabrınadək Qivi Tsuleiskiri, Qiorqi Murusidze və Sofiko Petriyaşvili “Sfero Invest” adı ilə fiziki şəxslərlə daşınmaz əmlakın müvəqqəti yaşayış üçün verilməsi və kapital qoyuluşu ilə bağlı müqavilələr bağlayıblar. Müqaviləyə əsasən, vətəndaşlar şirkətin hesabına vəsait köçürür, bundan sonra təşkilat üçüncü şəxslərdən onlar üçün mənzillər kirayələyirdi. Müqavilə müddəti bitdikdən sonra isə şirkət vətəndaşların yatırdığı məbləği tam şəkildə qaytarmalı idi. Lakin “Sfero Invest” kirayə ödənişlərini dayandırıb, vəsaitləri geri qaytarmayıb və nəticədə yüzlərlə vətəndaş mənzilsiz qalıb.

Kapital qoyuluşu müqavilələrinə əsasən isə vətəndaşlar şirkətin hesabına pul köçürür, şirkət hər ay gəlir ödəməyi və müqavilə müddəti bitdikdən sonra əsas məbləği geri qaytarmağı öhdəsinə götürürdü. Bu öhdəliklər də yerinə yetirilməyib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər bu üsulla 450 vətəndaşı aldadaraq təşkilatın bank hesabına külli miqdarda vəsait köçürməyə nail olublar. Onlar öhdəliklərini yerinə yetirməyərək 29 073 000 laridən artıq vəsaiti dələduzluq yolu ilə mənimsəyiblər.

Sofiko Petriyaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “a”, həmçinin 3-cü hissəsinin “a” və “b” bəndləri ilə ittiham irəli sürülüb. Bu maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edəcək.

Qeyd olunub ki, həmin cinayət işi üzrə Qivi Tsuleiskiri və Qiorqi Murusidzeyə 10 noyabr 2025-ci ildə ittiham irəli sürülüb və onlar barəsində həbs qətimkan tədbiri seçilib. Qiorqi Murusidze axtarışda olan şəxs kimi xarici ölkədə saxlanılıb və hazırda ekstradisiya prosedurları davam edir.

İstintaq digər zərərçəkən şəxslərin müəyyən edilməsi istiqamətində davam edir. Buna görə zərərçəkənlərin sayının və dəymiş ziyanın həcminin artacağı istisna olunmur.

Bizimlə əlaqə saxlayın