04 
Fev
2026
12:23
124

Şalva Papuaşvili: Brüssel digər ölkələrin seçkilərinə müdaxilə edir, bunun ən ağır nümunəsi Gürcüstandır

"Brüssel digər ölkələrin seçkilərinə müdaxilə edir və bunun ən ağır nümunəsi məhz Gürcüstandır."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsinin hesabatına münasibət bildirərək bəyan edib.

Onun sözlərinə görə, sözügedən hesabatda Avropa Komissiyasının Avropa İttifaqına üzv ölkələrin seçkilərinə mütəmadi şəkildə müdaxilə etməsi barədə yer alan məlumatlar “Gürcü Arzusu”nun indiyədək səsləndirdiyi mövqelərin doğruluğunu bir daha təsdiqləyir.

Papuaşvili bildirib ki, “Gürcü Arzusu”nun bəyanat və addımları hər zaman həqiqətə əsaslanıb və bəzən bu həqiqətin qəbul olunması üçün zaman tələb olunur:

“Bizim əsas silahımız həqiqətdir. Məhz buna görə də bəzən həqiqətin üzə çıxması və ya qəbul edilməsi üçün bir neçə həftə, ay, hətta illər lazım olur. Amma fakt budur ki, sonda həmişə bizim dediklərimiz təsdiqlənir”.

Parlament sədrinin sözlərinə görə, Gürcüstan bu müdaxilələrin ən ağır formasını yaşayıb:

“Bəli, Brüssel digər ölkələrin seçkilərinə qarışır və bunun ən ağır nümunəsi Gürcüstandır. Burada birbaşa səfir seçkilərə və seçki kampaniyasına müdaxilə edib. Digər tərəfdən, Brüsselin maliyyələşdirdiyi QHT-lər bu proseslərdə iştirak ediblər. 2024-cü il seçkilərində məğlub olduqdan sonra isə demokratiyanın və gürcü xalqının iradəsinin altını qazımaq cəhdlərinə əl atdılar”.

Papuaşvili əlavə edib ki, bu yanaşma ilə “Gürcü Arzusu”na səs verən 1 milyon 200 min seçicinin iradəsi görməzlikdən gəlinir:

“Bu insanların səsi ləğv edilir. Növbəti addım isə ya onları ölkədən qovmaq, ya da rezervasiyalara toplamaq olacaq, çünki guya onların fikri əhəmiyyət daşımır və onlar vətəndaş sayılmırlar. Guya yalnız bir neçə yüz QHT nümayəndəsi gürcü xalqını təmsil edir”.

Onun fikrincə, Brüsselin Avropa İttifaqını apardığı “sivilizasiyalı uçurum” sözügedən hesabatda da aydın şəkildə əksini tapır:

“Adi senzura və seçkilərə müdaxilə yolu ilə Brüssel öz siyasi gündəmini irəli sürməyə çalışır”, – deyə Şalva Papuaşvili vurğulayıb.

Bizimlə əlaqə saxlayın