İrakli Kirçxalia: İsveçin narahatlığı qeyri-obyektiv məlumatlara əsaslanır və əsassızdır
Parlament çoxluğunun lideri İrakli Kirçxalia parlamentin yaz sessiyasının plenar iclasında çıxış edərək İsveç tərəfinin Gürcüstanla bağlı səsləndirdiyi narahatlıqlara münasibət bildirib. Onun sözlərinə görə, Gürcüstana göstərilən diqqətə görə İsveç tərəfinə təşəkkür edilsə də, qeyri-obyektiv məlumatlara əsaslanan narahatlıq “tamamilə əsassız və qeyri-relevantdır”.
Kirçxalia qeyd edib ki, İsveç son günlər Gürcüstanda baş verən proseslərlə bağlı narahatlıq ifadə edib və ölkədə guya insan hüquqlarının pozulması ehtimalına dair “Moskva mexanizmi”nin işə salınmasını dəstəkləyən 24 ölkədən biri olub. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hakim komandanın aydın mövqeyi var və son illərdə dəfələrlə müşahidə olunub ki, əməkdaşlığa xidmət etməli olan bəzi institut və təşkilatlar arzuolunmaz siyasi opponetlərin cəzalandırılması mexanizminə çevrilir.
Bununla yanaşı, Kirçxalia vurğulayıb ki, hazırda Gürcüstanda insan hüquqları “Moskva mexanizmi”nin işə salınmasının təşəbbüskarları olan ölkələrin əksəriyyətindən daha yaxşı qorunur. O bildirib ki, Gürcüstanın gizlədəcəyi heç nə yoxdur və ATƏT nümayəndələri ölkəyə gələrək istədikləri mövzunu istədikləri müddətdə araşdıra bilərlər.
Parlament çoxluğunun lideri çıxışında əlavə edib ki, İsveç “Moskva mexanizmi”nin təşəbbüskarı olmaqla kifayətlənməyib. Onun sözlərinə görə, mediada yayılan məlumatlara əsasən, İsveçin Moderate Youth Party təşkilatı bu ilki “Azadlıq mükafatı”nı Gürcüstandakı bütün etirazçılara təqdim edib. Kirçxalia bunu zorakılıq törədən radikal qruplara açıq dəstək və Gürcüstanın daxili siyasətinə kobud və qeyri-dost addım kimi qiymətləndirib.
İrakli Kirçxalia bildirib ki, İsveç tərəfi Gürcüstanla bağlı narahatlıqlarını kənara qoyaraq, daha çox öz ölkəsində mövcud olan problemlərə diqqət ayırmalıdır. Onun sözlərinə görə, İsveçdə son dövrlər ayrı-seçkilik və nifrət zəminində törədilən cinayətlərin artması, böyük şəhərlərdə mütəşəkkil cinayətkarlıq riskinin yüksəlməsi, bandaların törətdiyi silahlı insident və partlayışların çoxalması ciddi narahatlıq doğurur.
Kirçxalia həmçinin İsveçdə iqtisadi durğunluq, yüksək inflyasiya, zəif daxili tələbat, artan məişət borcları və səhiyyə xidmətlərinə çıxışda uzun gözləmə müddətlərini də problem kimi göstərib. Onun sözlərinə görə, Gürcüstan tərəfindən ifadə olunan bu narahatlıqlar faktlara, statistikaya və obyektiv göstəricilərə əsaslanır.
Çıxışının sonunda Kirçxalia qeyd edib ki, Gürcüstan İsveçdə və digər ölkələrdə baş verən antidemokratik prosesləri bundan sonra da izləyəcək və bu məsələlərlə bağlı öz narahatlığını ifadə etməyə davam edəcək.


