İrakli Kadagişvili: Gürcüstana qarşı məqsədli hücumların hədəfi sanksiyalar üçün zəmin yaratmaqdır
“Gürcüstana qarşı məqsədli hücumların məqsədi bu dövləti zədələmək və ya elə bir bəhanə yaratmaqdır ki, nəticədə ölkəyə qarşı sanksiyalar tətbiq olunsun”.
InterPress.ge xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında “Gürcü Arzusu” partiyasından deputat İrakli Kadagişvili bildirib. O, 24 ölkənin ATƏT-in “Moskva mexanizmi”ni işə salmasına münasibət bildirib.
Kadagişvilinin sözlərinə görə, Gürcüstanın inkişafını başqa cür dayandırmaq mümkün olmadığı üçün bu cür addımlar atılır. O qeyd edib ki, insan hüquqları ilə bağlı məsələlərdə Avropa İttifaqı Gürcüstanla dialoq apara bilərdi.
“İnsan hüquqları məsələsinə gəlincə, biz hər zaman deyirik: niyə bu həddə qədər gedirsiniz? Bu qədər il keçib, Avropa Komissiyasına Gürcüstanla bağlı obyektiv məlumat əldə etməyə nə mane olurdu? Ən azı dialoq aparmalı idilər, lakin aparmırlar. Çünki 2024-cü il seçkilərində məğlubiyyəti qəbul edə bilmədilər. Bu, onlar üçün şəxsi məğlubiyyət idi. Demokratiya, beynəlxalq münasibətlər və diplomatiya prinsiplərini pozaraq burada seçki kampaniyası aparan siyasi qüvvələr üçün bu, bir növ qisasdır. Əks halda, insan hüquqları ilə bağlı məsələni işçi formatında və digər istiqamətlərdə müzakirə edə bilərdilər. Dialoq formatlarından biri də məruzəçi formatıdır. Bizim gizlədəcəyimiz heç nə yoxdur. Siyasətçilər niyə həbsdədir? Çünki on illərdir qüvvədə olan qanuna görə, istintaq komissiyası ilə əməkdaşlıqdan imtina sanksiyaya səbəb olur; molotov kokteyli atan, yolu süni şəkildə bağlayan şəxs qanunu pozur və qanunun təsiri altına düşür”, – deyə Kadagişvili bildirib.
Qeyd edək ki, Gürcüstanda insan hüquqları sahəsində vəziyyətin pisləşməsi ilə bağlı ATƏT-ə üzv 24 ölkə ekspert missiyası yaratmaq qərarına gəlib. Məlumatda bildirilir ki, sözügedən ölkələr ATƏT-in “Moskva mexanizmi”ni aktivləşdiriblər. Həmin ölkələr Gürcüstanı missiya ilə əməkdaşlığa və onun fəaliyyətinə şərait yaratmağa çağırıblar.


