Şalva Papuaşvili: Gürcüstanda siyasi məzmunlu vəsait xərclənirsə, bunun üçün gürcü xalqının razılığı alınmalıdır
Əsas prinsip ondan ibarətdir ki, Gürcüstanda siyasi məzmunlu vəsait xərclənirsə, bu, mütləq gürcü xalqının razılığı ilə həyata keçirilməlidir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Qrantlar haqqında” qanuna edilən dəyişikliklərlə bağlı açıqlamasında bildirib.
Papuaşvilinin sözlərinə görə, Gürcüstan heç kimin koloniyası deyil ki, kənardan gəlib ölkədə istədikləri kimi siyasi prosesləri formalaşdırsınlar. Onun fikrincə, xaricdən maliyyələşdirilən layihələrin əksəriyyəti Gürcüstan üçün faydalı deyil.
“Bu, otağın qapısını ayaqla açıb içəri girmək və demək kimidir ki, istəsən də, istəməsən də, bu mebel belə dayanmalıdır. Gürcü xalqının razılığı olmadan kiminsə burada siyasəti maliyyələşdirməyə nə haqqı var? Qoy gəlib gürcü xalqından soruşsunlar – bu onun üçün faydalıdır, yoxsa yox. Əksər hallarda maliyyələşdirilən məsələlər faydalı olmur. Bunun ən bariz nümunəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş “Molotov kokteyli” kampaniyasıdır. İnsanları diri-diri yandırmağı yaxşı əməl kimi təqdim edib, bunun reklamını aparırlar. Belə dəyərlərə əsaslanan maliyyələşmədən Gürcüstan üçün hansı xeyri gözləmək olar?” – deyə Papuaşvili vurğulayıb.
Parlament sədrinin sözlərinə görə, ABŞ-ın yeni administrasiyası da artıq bu sistemi ifşa edib və xarici maliyyələşmə ilə qrantların digər ölkələr üzərində siyasi nəzarət vasitəsi kimi istifadə edildiyini ortaya qoyub. Onun iddiasına əsasən, məhz buna görə ABŞ USAID-in fəaliyyətini dayandırıb və “Azadlıq radiosu”nun maliyyələşdirilməsini kəsib.
Papuaşvili əlavə edib ki, qrant pullarının Gürcüstana qarşı zərərli təsir göstərmək üçün istifadə edildiyi açıq-aşkar görünür və bunun nümunələri gündəlik olaraq müşahidə olunur. Onun sözlərinə görə, 2022-ci ilin iyununda QHT-lərin parlament qarşısında toplaşdırılması və hakimiyyətin devrilməsinə cəhd edilməsi bunun bariz nümunəsidir.
Parlament sədri bildirib ki, əsasən xarici maliyyə ilə fəaliyyət göstərən təşkilatlar seçim etməlidirlər: ya xarici maraqlara xidmət edəcəklər, ya da gürcü xalqının maraqlarına. Əgər bu qurumlar partiya fəaliyyətində iştirak etmək istəyirlərsə, müəyyən “soyuma dövrü” keçməli və yalnız bundan sonra siyasətə qoşulmalıdırlar.
Qeyd edək ki, “Gürcü Arzusu” “Qrantlar haqqında” qanuna bir sıra dəyişikliklər etməyi planlaşdırır. Dəyişikliklərə əsasən, qrant anlayışı dəqiqləşdirilir və Gürcüstanın daxili və ya xarici siyasətinə təsir məqsədi daşıyan hər cür pul və ya naturada verilən vəsait qrant hesab ediləcək. Belə qrantların qəbulu isə yalnız Gürcüstan hökumətinin əvvəlcədən verdiyi icazə əsasında mümkün olacaq.


